Bakı. 14 oktyabr. REPORT.AZ/ "Bakı-2015" Avropa Oyunlarının yayımlanmasına dair Ərəb Dövlətlərinin Yayım Birliyi (ASBU) ilə müqavilə imzalanıb. "Bakı-2015" Avropa Oyunlarının Əməliyyət Komitəsindən "Report"a bildirilib ki, müqaviləyə əsasən ilk Avropa Oyunları Yaxın Şərqin və Şimali Afrikanın 20 ölkəsində yayımlanacaq.
Oyunların Əlcəzair, Bəhreyn, Cibuti, Misir, İraq, İordaniya, Küveyt, Livan, Liviya, Mavritaniya, Mərakeş, Oman, Qatar, Səudiyyə Ərəbistanı, Somali, Sudan, Suriya, Tunis, Birləşmiş Ərəb Əmirlikləri və Yəməndə yayımlanması planlaşdırılır.
Müqaviləyə görə Ərəb Dövlətlərinin Yayım Birliyi yayım şirkətlərinə 17 gün davam edəcək yarışların pulsuz, canlı, ərəb dilində tam şərhlərlə görüntülərini və lent yazılarını təqdim edəcək. Yayım birliyi görüntü və lent yazılarını öz üzvü olan yayım şirkətlərinə verəcək.