Bakı. 13 mart. REPORT.AZ/ Bu gün "Bakı 2015" Əməliyyat Komitəsi I Avropa Oyunlarına Rəsmi Pərakəndə Bank qismində xidmətləri təmin etməsi üçün "Kapital Bank" ilə müqavilə imzalayıb. "Report"un məlumatına görə, tədbir "Fairmont" otelində baş tutub.
Mərasimdə "Bakı 2015"in əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq və "Kapital Bank"ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev iştirak edib.
İlk olaraq qonaqlar "Bakı 2015" və "Kapital Bank" haqqında təqdimat videosunu izləyib.
Tədbirin gedişində çıxış edən Saymon Kleqq vacib bəyanat yaydıqlarını qeyd edib. O, "Kapital Bank"la imzalanan tərəfdaşlıq müqaviləsinə toxunub: "8 rəsmi tərəfdaşla bu işi birgə görəcəyik. Bank xaricdən Azərbaycana gələcək 6000 atletin ehtiyaclarını qarşılamaqda mühüm rol oynayacaq. Son dövrlər ərzində Oyunların əhəmiyyətini artıracaq bir sıra işlər görülüb. Biletlərin satışa çıxarılması da insan üçün vacib andır. Məşəlin yandırılması da vacib işlər siyahısına daxildir".
"Kapital Bank"ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev isə Oyunların Azərbaycanda keçirilməsinin Prezident İlham Əliyevin apardığı siyasətin nəticəsi olduğunu deyib. O, idmançıların bu cür uğur qazanmasının Prezidentin dəstəyi nəticəsində olduğunu söyləyib.
Sonda isə tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Qeyd edək ki, "Kapital Bank" "Bakı 2015" I Avropa Oyunlarının "Azərbaycan Hava Yolları", BP, "Coca-Cola", "Nar Mobile", P&G, ARDNŞ və "Tissot" şirkətlərindən ibarət rəsmi tərəfdaş siyahısına qoşulmaqla səkkizinci rəsmi tərəfdaş statusunu əldə edib.