Bakı. 22 iyun. REPORT.AZ/ "İlk Avropa Oyunları haqda təəssüratlarımız yüksəkdir. Bakı şəhəri çox gözəldir. Oyunların təşkilatçılığı yüksək səviyyədə təşkil olunub". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İrlandiyanın qadınlardan ibarət 3x3 basketbol komandasının üzvü Orla O Reylli deyib.
25 yaşlı basketbolçu bu cür yarışın qadınlar arasında keçirilməsini sevindirici hal adlandırıb: "Düzdür, bu məsələdə biraz kişilərdən geridə qalmışıq. Lakin bu gün maraq artmaqdadır. Əminəm ki, sabahkı oyundan sonra maraq qat-qat artıq olacaq. Sabah artıq ilk oyunumuz baş tutacaq. Sloveniya, Slovakiya və İspaniyaya qarşı yarışacam. Bakıya yaxşı heyətlər və güclü oyunçular gəlib. 3x3 çox intensiv və sürətli oyun növüdür. Bir çox idmançılar məhz bu səbəbdən yüksək göstəricilərini nümayiş etdirməlidirlər".
Qeyd edək ki, 3x3 basketbol yarışına iyunun 23-dən start veriləcək.