Bakı. 3 aprel.REPORT.AZ/ Enerji içkiləri istehsalçısı olan "Red Bull" "Bakı 2015" I Avropa Oyunlarının rəsmi tərəfdaşı olub. "Report"un məlumatına görə, 166 ölkədə məhsullarını satışa çıxaran şirkət Oyunlar zamanı enerji içkilərindən hazırlanan məhsulunu, həmçinin sosial media ilə bağlı yeniliyini təqdim edəcək.
"Red Bull"un sosial media kanalları mətbuat və sosial marketinq sahələri üzrə qlobal liderlər olaraq, "Bakı 2015"i dəstəkləmək üçün I Avropa Oyunlarınadək qalan müddət ərzində regional əsaslı sosial media tədbirləri həyata keçirəcəklər.
Şirkət bu tədbirlər zamanı Azərbaycanda daha az tanınmış idman növlərini diqqət mərkəzinə gətirəcək. Məqsəd yerli əhali arasında onların populyarlığını artırmağa kömək etmək və Oyunlara bilet satışına dəstək olmaqdır. Bu idman növlərinə avarçəkmə, çimərlik voleybolu, velosiped idmanı (BMX, şose velosipedi və dağ velosipedi növləri), çimərlik futbolu, 3x3 basketbolu və qılıncoynatma daxildir. Enerji içkiləri şirkəti tamaşaçılar üçün arena daxilində əyləncələr təşkil edəcək. Buraya məşhur diceylərlə görüşlərin təşkili də daxildir. Yeni tərəfdaş Atletlər Kəndində idmançılar üçün də əyləncəli tədbirlər həyata keçirəcək.
Qeyd edək ki, "Red Bull", "Azersun Holding", "Bazarstore", "McDonald’s Azərbaycan", "Milla", "Motorola Solutions", NAZ, "Nestle", "Sitecore" və "Tickethour"dan sonra "Bakı 2015" I Avropa Oyunlarının 10-cu rəsmi dəstəkçisi olub.