Bakı. 29 dekabr. REPORT.AZ/ Bakı-2015 I Avropa Oyunlarında Azərbaycanı 330 idmançı təmsil edəcək. "Report"un məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir bildirib ki, həmin idmançılar bütün növlərdə mübarizə aparacaqlar. Amma bəzi növlər üzrə yarışlarda obyektiv səbəblərdən Azərbaycan təmsilçisi yer almayacaq. A.Rəhimov ümumi komanda hesabında ən azı "ilk onluğ"a düşməyi hədəflədiklərini söyləyib: "Bəzi idman növlərində biz birinci yerə ümid edə bilərik. Amma bu idmandır. Zemfira Meftahəddinova 2000-ci il Sidney Yay Olimpiya Oyunlarına güzəştli vəsiqə ilə getmişdi, olimpiya çempionu kimi qayıtdı. Bizim üçün "ilk onluğ"a girmək heç də pis nəticə sayılmayacaq".
Nazir olimpiada zamanı nümunəvi xarakterli proqramın da təşkil olunacağını diqqətə çatdırıb. Onun sözlərinə görə, Heydər Əliyev adına İdman-Konsert Kompleksində bodibildinq, açıq suda üzgüçülük və mədəniyyət proqramı da tamaşaçılara təqdim olunacaq.
A.Rəhimov Avropa Oyunlarının gəlirlərinin bir neçə sahədən əldə olunacağını açıqlayıb: "Gəlir sponsorlardan əldə oluna bilər. Hələlik 6 baş sponsor var, 2 sponsor üçün yer boşdur. Onlardan 5-10 milyon gəlir daxil olacaq. Əlavə dəstəkçilərimiz də olacaq. Eyni zamanda əcnəbi telekanallardan hər biri 50 mindən 200-300 minə qədər olmaqla ödənişlər ediləcək. Bilet satışından da gəlir gözlənilir. Suvenirlərin satışı ilə xüsusi lisenziya alan şirkət məşğul ola bilər. Yerli telekanallara isə ödəniş üçün şərt qoyulmayacaq".