Bakı. 16 may. REPORT.AZ/ Azərbaycanı I Avropa Oyunlarında şosse velosipedi növü üzrə yarışda təmsil edəcək idmançıların adları məlum olub.
"Report"un məlumatına görə, kişilərdən Maksim Averin, Elçin Əsədov və Samir Cəbrayılov, qadınlardan isə Yelena Pavluxina və Ülfət Nəzərova Bakıda keçiriləcək Oyunlarda iştirak edəcəklər.
İştirakçılar Xızıda keçirilmiş velosiped idmanının şosse növü üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatının nəticələrinə əsasən müəyyənləşib.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) təqviminə əsasən, iyunun sonlarında keçirilməli olan yarışın mayda təşkili "Bakı-2015" I Avropa Oyunları ilə əlaqədardır. Belə ki, iyunda Azərbaycan mötəbər yarışa ev sahibliyi edəcəyindən, beynəlxalq federasiya Azərbaycan çempionatının mayın ortalarında keçirilməsinə razılıq verib.