Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycanın qadın kayakçısı Marina-Lorena Manolika 2019-cu ildə Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarına lisenziya qazanıb.
"Report"un məlumatına görə, 23 yaşlı idmançı bu nailiyyətə Serbiyanın paytaxtı Belqradda keçirilmiş Avropa çempionatında imza atıb.
1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə 40,579 saniyə nəticə göstərən Manolika 12-ci yeri tutaraq lisenziya normasını yerinə yetirib. Reqlamentə əsasən, bu məsafədə ilk "16-lığ"a düşənlər Oyunlarda iştirak hüququ əldə ediblər.
Kişi kayakçıların yarışında isə Mirnazim Cavadov 1 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə finişə 1 dəqiqə 41,922 saniyəyə çataraq 14-cü yeri tutub. Oyunlara lisenziya verən 200 metr məsafəyə yürüşdə isə 26 yaşlı idmançı yarımfinal səddini adlaya bilməyib.
Qeyd edək ki, II Avropa Oyunları gələn il 20 - 30 iyunda keçiriləcək.