Azərbaycan karateçisi Rafael Ağayev "Minsk 2019" II Avropa Oyunlarında gümüş medal qazanıb.
"Report"un Belarus paytaxtına ezam olunmuş əməkdaşı xəbər verir ki, 75 kq çəki dərəcəsində yer alan 34 yaşlı idmançı finalda Stanislav Horunaya uduzub - 0:4.
Beləliklə, Azərbaycan idmançıları II Avropa Oyunlarını 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurub.
***18:38
"Minsk 2019" II Avropa Oyunlarında kişi karateçilərin final döyüşləri başlayıb.
"Report"un Belarus paytaxtına ezam olunmuş əməkdaşının məlumatına görə, 60 kq çəki dərəcəsində qızıl medal uğrunda görüş keçirilib.
Azərbaycan yığmasının üzvü Firdovsi Fərzəliyev də tatamı üzərinə çıxıb. O, finalda Latviya təmsilçisi Kalvis Kalninslə görüşüb. Qarşılaşmadan məğlub ayrılan Fərzəliyev gümüş medalla kifayətlənib.
Bu, Azərbaycan karateçilərinin "Minsk 2019"da dördüncü medalı olub. Bir gün öncə isə Asiman Qurbanlı (+84 kq) qızıl, İrina Zaretska (68 kq) gümüş, Roman Heydərov (kata) bürünc medal əldə edib. Daha bir karateçi Rafael Ağayev (75 kq) isə az sonra final görüşünə çıxacaq.
Qeyd edək ki, Azərbaycan yığması Avropa Oyunlarında 27-ci medalını əldə edib. İdmançılarımızın hesabında 5 qızıl, 9 gümüş, 13 bürünc mükafat var.
***17:39
Azərbaycan karateçisi Rafael Ağayev "Minsk 2019" II Avropa Oyunlarında finala yüksəlib.
"Report"un Belarus paytaxtına ezam olunmuş əməkdaşı xəbər verir ki, 75 kq çəki dərəcəsindəki titullu idmançı yarımfinalda rusiyalı Pavel Artamanova qalib gəlib. Ağayev finalda Stanislav Horuna (Ukrayna) ilə üz-üzə gələcək.
***17:09
Azərbaycan karateçisi Firdovsi Fərzəliyev "Minsk 2019" II Avropa Oyunlarında finala yüksəlib.
"Report"un Belarus paytaxtına ezam olunmuş əməkdaşının məlumatına görə, kişilərin 60 kq çəki dərəcəsində yarımfinal görüşündə Fərzəliyev Rusiya təmsilçisi Yevgeni Plaxutinə qalib gəlib.
O, həlledici görüşdə latviyalı Kalvis Kalninslə üz-üzə gələcək. Bu görüş Bakı vaxtı ilə saat 18:16-da başlayacaq.
Qeyd edək ki, bu gün daha bir azərbaycanlı karateçi yarımfinalda qüvvəsini sınayacaq. Rafael Ağayev (75 kq) estoniyalı Pavel Artamonovla qarşılaşacaq.
***14:34
Karate üzrə Azərbaycan milli komandasının lideri Rafael Ağayev "Minsk 2019" II Avropa Oyunlarında mübarizəyə qoşulub.
"Report"un Belarus paytaxtına ezam olunmuş əməkdaşının məlumatına görə, 75 kq çəki dərəcəsində çıxış edən titullu karateçi B qrupunda qüvvəsini sınayıb.
Co Kellaveyi (Böyük Britaniya) 3:2, Erman Eltemuru (Türkiyə) 1:0 hesabı ilə yenən Ağayev Qabor Harspatakinin (Macarıstan) müqavimətini qıra bilməyib – 0:0.
Qrup qalibi kimi yarımfinala vəsiqə qazanan Azərbaycan təmsilçisi Avropa Oyunlarının ən azı bürüc mükafatını təmin edib. O, finala vəsiqə uğrunda döyüşünü Bakı vaxtı ilə saat 17:20-də keçirəcək. Rəqib estoniyalı Pavel Artamonov olacaq.
Qeyd edək ki, Azərbaycan karate yığmasının bu gün tatamiyə çıxan üzvlərindən Firdovsi Fərzəliyev (60 kq) yarımfinala yüksəlib, Nuranə Əliyeva (50 kq) və Rafiz Həsənov (67 kq) mübarizəni dayandırıb.
***13:3
Azərbaycan karateçisi Firdovsi Fərzəliyev "Minsk 2019" II Avropa Oyunlarında yarımfinala yüksəlib.
"Report"un Belarus paytaxtına ezam olunmuş əməkdaşının məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən 26 yaşlı idmançı qrup qalibi kimi mərhələ adlayıb.
Fərzəliyev B qrupunda üç qarşılaşmaya çıxıb. O, belaruslu İlya Bulatova 8:0, 3:3 hesabı ilə başa çatan görüşdə Emil Pavlova (Makedoniya) senşu qərarı ilə qalib gəlib. İtaliyalı Ancelo Kresçentso ilə görüşdə isə hesab açılmayıb - 0:0.
Fərzəliyev finala vəsiqə uğrunda rusiyalı Yevgeni Plaxutinlə qarşılaşacaq. Bu görüş Bakı vaxtı ilə saat 16:56-da başlayacaq.
Bu gün tatami üzərinə çıxan digər karateçilərdən Nuranə Əliyeva (50 kq) hər 3 görüşündə uduzaraq, mübarizəni dayandırıb. Hazırda Rafiz Həsənov (67 kq) və Rafael Ağayevin (75 kq) yer aldığı qruplarda görüşlər keçirilir.