Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycanı "Bakı 2015"də təmsil edən boksçulardan Elvin Məmişzadə (52 kq) Bolqarıstan təmsilçisi Daniel Asenov ilə gərgin mübarizədən 2:1 hesabı ilə qalib ayrılaraq yarımfinala yüksəlib. "Report"un məlumatına görə, Avropa çempionatının bürünc medalçısı yarımfinalda Almaniya təmsilçisi Touba Hamza ilə qarşılaşacaq. Bununla da E.Məmişzadə Tayfur Əliyevdən sonra bürüncü medalı təmin edən ikinci boksçumuz olub.
Qeyd edək ki, arenada görüşü izləyənlər arasında Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov və digər rəsmi şəxslər də olublar.
*** 14:23
Azərbaycanı "Bakı 2015"də təmsil edən boksçulardan Tayfur Əliyev yarımfinala yüksəlib. "Report"un məlumatına görə, 18 yaşlı idmançı 1/4 finalda danimarkalı Frederik Yenseni məğlub edib - 3:0.
Bununla da Əliyev ən azı bürünc medalı təmsil edən ilk Azərbaycan boksçusuna çevrilib. Onun yarımfinaldakı rəqibi Rikkardo D Andrea (İtaliya) - Baxtovar Nazirov (Rusiya) cütünün qalibi olacaq.
*** 14:06
Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən boksçulardan biri Salman Əlizadə (49 kq) 1/4 finalda məğlubiyyətlə üzləşib. "Report"un məlumatına görə, azərbaycanlı əlcək sahibi irlandiyalı Brendan İrvinə 1:2 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.
Azərbaycanın 1/4 final mərhələsindəki digər təmsilçilərinə gəldikdə, Tayfur Əliyev 56 kq çəkidə danimarkalı Frederik Yensenlə üz-üzə gələcək.
Saat 19:30-da 52 kq-da mübarizə aparan Elvin Məmişzadə bolqarıstanlı Daniel Asenovla qarşılaşacaq.
Saat 20:45-də Teymur Məmmədov 81 kq çəkidə hollandiyalı Peter Müllenberqlə münasibətlərinə aydınlıq gətirəcək.
Məhəmmədrəsul Məcidov isə saat 21:00-da 91 kq-dan yuxarı çəkidə yarımfinala yüksəlmək üçün türkiyəli Ali Demirezenə qarşı döyüşəcək.
**** 13:37
Bu gün "Bakı 2015" I Avropa Oyunlarında boks üzrə 1/4 final mərhələsinin qarşılaşmaları keçirilir. "Report"un məlumatına görə, bugünkü mübarizədə Azərbaycanın 5 boksçusu iştirak edir.