Bakı. 6 sentyabr. REPORT.AZ/ Belarusun paytaxtında "Minsk-2019" II Avropa Oyunlarına hazırlıq işlərinin müzakirəsi məqsədi ilə Koordinasiya Komissiyasının sayca ikinci iclası işə başlayıb.
Gənclər və İdman Nazirliyindən "Report"a verilən məlumata görə, iki gün davam edəcək iclasda Azərbaycanı II Avropa Oyunları Koordinasiya Komissiyasının üzvü, nazir Azad Rəhimov təmsil edir.
Komissiyanın iclasında Oyunlara bir ildən az vaxtın qaldığı müddətdə yarış cədvəlinin dəqiqləşdirilməsi, təşkilati məsələlər, idmançıların yerləşdirilməsi və qalacaqları məkanlar barədə daha geniş informasiyanın təqdim edilməsi, yayım, təbliğat işlərinin aparılması, açılış-bağlanış mərasimləri, təhlükəsizlik, könüllülər proqramı və digər mühüm məsələlər müzakirə olunur.