Bakı. 22 iyun. REPORT.AZ/ " Qazandığım uğuru bütün Azərbaycana həsr edirəm: federasiyaya, üstümüzdə böyük əziyyəti olan məşqçilərə, bir sözlə, mənə dəstək olan hər bir kəsə".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan gimnastı, I Avropa Oyunlarının gümüş mükafatçısı Marina Durunda bildirib.
Gimnastın sözlərinə görə, o, Birinci Avropa Oyunlarında öz ölkəsini layiqincə təmsil etdiyi üçün çox xoşbəxtdir və bununla fəxr edir.
İdmançı Gimnastika Federasiyasının və məşqçilərin dəstəyi olmadan qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bilməyəcəyini qeyd edib: "Hər şey yüksək səviyyədə təşkil olunmuşdu, hazırlığımız üçün əla şərait yaradılmışdı".
Gələcək planları haqqında danışan M.Durunda deyib ki, qarşıda onu Dünya çempionatı yarışları gözləyir və onun istirahət etməyə vaxtı olmayacaq.