"Final görüşünü istədiyim kimi qura bilmədim. Qızıl medal qazanmaq istəyirdim. Niyyətim II Avropa Oyunlarının çempionu olmaq idi".
Bunları “Minsk 2019” II Avropa Oyunlarında gümüş medal qazanan Azərbaycan millisinin karateçisi Firdovsi Fərzəliyev “Report”un Belarus paytaxtına ezam olunmuş əməkdaşına açıqlamasında deyib.
60 kq çəki dərəcisində mübarizə aparan idmançı bildirib ki, yarışı medalsız tərk etməməsi onun üçün önəmlidir: "İstərdim ki, qızıl medal əldə edim. Amma yenə qeyd etmək istəyirəm ki, final istədiyim kimi alınmadı. Uduzduğum Latviya təmsilçisi Kalvis Kalnins təcrübəli idmançıdır. II Avropa Oyunlarında zəif karateçilərlə üz-üzə gəlmədim. Dünya və Avropa çempionları ilə qarşılaşdım. Özümün heç-heçə ilə başa vurduğum görüşlər oldu. Demək olar ki, rəqiblərimin hamısını məğlub etmişəm. Finaldakı rəqibi də məğlub edə bilmişəm. Şəxsi hesabımız 1:1 idi. İndi isə o qələbə qazandı. Sadəcə olaraq, final döyüşü məndə alınmadı. Hər şey fikirləşdiyimiz kimi olmur. O da insandır və mənim görüşlərimə baxıb, mən də onun qarşılaşmalarını izləyirəm. O, bu dəfə məndən ağıllı oldu. Ən azı vətənə medalsız qayıtmıram".