Koordinasiya Komitəsinin rəhbəri: Avropa Oyunları zamanı ciddi problem olmayıb

Koordinasiya Komitəsinin rəhbəri: Avropa Oyunları zamanı ciddi problem olmayıb Minsk 2019 II Avropa Oyunları zamanı ciddi problem olmayıb. Xırda məsələlər isə tezliklə həll olunub.
Avropa Oyunları
1 İyul , 2019 01:09
Koordinasiya Komitəsinin rəhbəri: Avropa Oyunları zamanı ciddi problem olmayıb

"Minsk 2019" II Avropa Oyunları zamanı ciddi problem olmayıb. Xırda məsələlər isə tezliklə həll olunub".

"Report"un Belarus paytaxtına ezam olunmuş əməkdaşının məlumatına görə, bunu "Minsk 2019"un Koordinasiya Komitəsinin rəhbəri Spirol Kapralos Oyunların yekunlarına hsr olunmuş mətbuat konfransında deyib. Yunanıstanlı funksioner bildirib ki, II Avropa Oyunları gözləntiləri artıqlaması ilə doğruldub: "Son zamanlar biz çoxlu vaxt sərf etdik. Gözləntilərimizi artıqlaması ilə doğrultdu. Atletlər Kəndi əlverişli, yeməklər yaxşı idi. Şəhər təmiz, qonaqpərvərdir".

Könüllülərin işindən də razılıq edən Kapralos onlardan ikisinin bu gün idman gimnastikası və velosiped idmanı yarışlarında medalları təqdim etdiklərini bildirib. Onun fikrincə, 50 ölkədən gəlmiş ən yaxşı idmançılar təşkilatçıları məyus etməyib.

Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kotsiyançiç 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançıları təbrik etsə də, onların saylarının hələ dəqiqləşmədiyini vurğulayıb: "Tokio 2020"yə nə qədər idmançının lisenziya qazandığını demək çətindir. Bunu bütün nəticələri əldə etdikdən sonra deyə biləcəyik. Müxtəlif növlər bir-birindən fərqlənir".

Avropa Oyunlarını keçirən son qitə olduqlarını xatırladan EOC prezidenti "Yay və Qış Olimpiya Oyunlarında ən çox medalı biz alırıq. Digər tərəfdən, Avropa idmanına müəyyən impuls vermək istəyirik. İlk iki Oyunlardakı uğurlar bizə imkan verəcək ki, gələcək oyunlara yeniliklər gətirək. Biz yeni növlərin də daxil edilməsini nəzərdən keçirəcəyik" sözlərini fikirlərinə əlavə edib.

Koçiyançiç bildirib ki, "Minsk 2019" dopinq planında da təmiz olub: "Bir müsbət nəticəli dopinq olub. O da sonadək tam məlum olmadı. Bunu nəzərə alaraq, deyə bilərik ki, "Minsk 2019" təmiz Oyunlar olub. İştirakçı ölkələrdən hər hansı mənfi rəy eşitməmişik. Ölkəyə gələn turistləri isə İdman və Turizm Nazirliyi saysın".

EOC prezidenti 2023-cü ildə III Avropa Oyunlarını təşkil etməsi üçün Polşadan bütün təminatı aldıqlarını da diqqətə çatdırıb. Onun sözlərinə görə, Oyunların bayrağının Krakov şəhərinə ötürülmə mərasimi müvafiq müqavilə bağlanıldıqdan sonra xüsusi mərasim zamanı gerçəkləşəcək. Kotsiyançiç sözləşmənin yaxın 6-8 ay ərzində imzalanacağını söyləyib.

Sloveniyalı funksioner gələcək oyunların proqramı ilə bağlı da danışıb: "Oyunların fəlsəfəsini uzun müddət müzakirə etmişik. 10 günə biz çoxlu sayda yarışı daxil edə bilmərik. Gələcək Oyunlarda isə nə çox, nə də az növ daxil edəcəyik".

Konsiyançiç Belarusda insan haqlarının və medianın vəziyyəti ilə bağlı sualı isə belə cavablandırıb: "Bütün ölkələrdən təminat almışıq ki, burada azad mətbuat var və insan hüquqları qorunur. Vacib məsələ odur ki, Belarusa vizalar ləğv olunub, ölkə dünyaya açılıb. 400-dən artıq jurnalistin iştirakı da buna imkan verir. Biz siyasətlə yox, idmanla məşğuluq. Ona görə də insan hüquqlarının pozulub-pozulmadığı ilə maraqlanmırıq".

Qeyd edək ki, II Avropa Oyunları 21 - 30 iyunda keçirilib.

Son xəbərlər

Orphus sistemi