Bakı. 12 mart. REPORT.AZ/ İyunun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunlarının əsas stadionunun yaşıllaşdırılmasında 1 mln.-dan artıq bitkidən istifadə olunub. Beynəlxalq Olimpiya Oyunlarının keçiriləcəyi məkanın adabdlaşdırılması işləri mərhələli şəkildə torpaq, drenaj, bitki, qazon örtüyünün çəkilməsi ilə həyata keçirilir.
Bunu "Report"a stadionda yaşıllaşdırma və abadlıq işlərini həyata keçirən "Bakı Abadlıq" MMC-nin meşəçilik üzrə mütəxəssisi Eyyub Koyun bildirib.
Onun sözlərinə görə, şirkət 170 min kvadratmetrlik sahədə landşaft, yaşıllaşdırma işlərini həyata keçirir: "Burada reallaşdırılan işlərin bir qismi bitkilər, bir qismi qazondan ibarətdir. Bir ay müddətində layihənin tamamlanması nəzərdə tutulub. Belə ki, hazırda layihənin 60-70%-i bitmək üzrədir. Qalan hissələr isə təxminən bir ay içində yekunlaşacaq".
E.Koyun əlavə edib ki, bu layihənin maliyyə dəyəri təxminən 10 mln. dollar təşkil edir.
"Müqavilənin bu dəyərinə yaşıllaşdırma, drenaj, bitki, torpaq işləri, qazon, xidmət və qulluq göstərmə də daxildir. Bundan başqa, Oyunlardan sonra da iki il müddətində qulluq işlərini həyata keçirməyə davam edəcəyik", - mütəxəssis bildirib.
Meşə mühəndisi deyib ki, buraya bitkilər əsasən İtaliyadan gətirilir: "Çünki hər iki ölkənin iqlimi bir-birinə bənzəyir. Biz hər bitkini bura gətirmirik. Onlar mütləq buranın iqliminə, torpağının xüsusiyyətlərinə uyğun olaraq seçilir. Məsələn, Olimpiya stadionunun ərazisi bataqlıq ərazi olduğu üçün məhz onlara uyğun bitkilərdən istifadə edilib".