Azərbaycanın daha bir boksçusu II Avropa Oyunlarında mübarizəyə start verib.
"Report"un Belarus paytaxtına ezam olunmuş əməkdaşının məlumatına görə, Cavid Çələbiyev (60 kq) 1/16 final döyüşündə qüvvəsini sınayıb. “Uruçye Arena”dakı görüşdə onun rəqibi Bosniya və Herseqovina təmsilçisi Nikola İvkoviç olub. Çələbiyev rəqibinə 5:0 hesabı ilə qalib gəlib.
Onun 1/8 finaldakı rəqibi az sonra keçiriləcək Dorin Buska (Moldova) – Roland Qaloş (Macarıstan) cütündə müəyyənləşəcək.
Çələbiyev növbəti döyüşünü iyunun 25-də keçirəcək.
***21:01
Azərbaycan milli komandasının daha bir boksçusu Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında mübarizəyə qoşulub.
"Report" xəbər verir ki, 75 kq çəki dərəcəsində çıxış edən Kamran Şahsuvarlı ilk döyüşünü keçirib.
O, “Uruçye Arena”da təşkil olunan yarışın 1/16 final mərhələsində qüvvəsini sınayıb. Rəqib Giorgi Harabadze (Gürcüstan) olub. Şahsuvarlı 4:1 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib. O, növbəti mərhələdə Mark Dikinsona (Böyük Britaniya) 3:2 hesabı ilə qalib gələn Maykl Nevin (İrlandiya) ilə üz-üzə gələcək.
Qeyd edək ki, bunadək boksçularımızdan Tayfur Əliyevlə (56 kq) Lorenzo Sotomayor (69 kq) 1/8 finala yüksəlib.