Bakı. 14 aprel. REPORT.AZ/ "
"Report"un məlumatına görə, şəhərcikdəki 13 binada görülən işlər yekunlaşmaq üzrədir.
Binalardan biri inzibati ofis olacaq, qalan 12-si isə atletlər üçün nəzərdə tutulub. Obyektdə ümumilikdə 1042 mənzil istifadəyə veriləcək ki, onlar da 2 nəfərlik olmaqla 3 və ya 5 yataq otağından ibarətdir. Bu da bir mənzildə 6-10 atletin qalacağı deməkdir. Bütün mənzillər internet xətti ilə təmin olunacaq.
Bundan başqa, ərazidə yeməkxanalar da fəaliyyət göstərəcək. Atletlər Kəndinin Qonaqları Qarşılama Mərkəzinin meneceri Alim Poladov "Report"a açıqlamasında atletlərin qidalanması üçün nəzərdə tutulan yeməkxanalar haqda danışıb. Onun sözlərinə görə, əsas yeməkxana adlandırılan yerdə eyni vaxtda 2 000 idmançı qidalana biləcək: "İdmançılar üçün nəzərdə tutulmuş ikinci yeməkxana "Best of Azerbaijan" adlanır. Burada atletlər yalnız milli yeməklərin dadına baxacaqlar. Eyni vaxtda 400 atlet bu yeməkxanadan istifadə edə biləcək. Daha bir yeməkxana isə işçilər üçün nəzərdə tutulub. Bunların hamısı bir ay ərzində təhvil veriləcək".
Yeməkxanaların pulsuz fəaliyyət göstərəcəyini bildirən A.Poladov ərazidə "Otel Resepşn" (Resident Center) adlanan məkanın fəaliyyət göstərəcəyini deyib. Müvəqqəti sakinlər hər hansı kommunal problemlə üzləşdikdə həmin mərkəzə müraciət edəcəklər.
Şəhərcikdə yerləşən idman zalından (Training Center) danışan menecer burada üzgüçülük hovuzunun olduğunu deyib. Üstəlik, atletlər ərazidə yerləşən basketbol, futbol, tennis meydançalarından da istifadə edə biləcəklər. Onlar üçün ticarət obyektləri də fəaliyyət göstərəcək. Ərazidəki 2 və 3-cü binaların arasında Şəhərcik Meydanı yerləşir. İdmançılar burada restorandan, "Games Family Lunch"dan və böyük ərzaq mağazasının xidmətlərindən yararlana biləcəklər. Üstəlik, mərkəzdə bilet satış məntəqəsi də qonaqların ixtiyarına veriləcək.