​Ağacan Abiyev: "Azərbaycanın üstünlüyü olduğu üçün Avropa Oyunlarına ev sahibliyi edəcək" - MÜSAHİBƏ

​Ağacan Abiyev: "Azərbaycanın üstünlüyü olduğu üçün Avropa Oyunlarına ev sahibliyi edəcək" - MÜSAHİBƏ "Heç kim dost, qohum qarşısında məğlub olmaq istəmir"
Avropa Oyunları
20 Fevral , 2015 17:11
​Ağacan Abiyev: Azərbaycanın üstünlüyü olduğu üçün Avropa Oyunlarına ev sahibliyi edəcək - MÜSAHİBƏ

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abiyevin "Report"a müsahibəsi.

- Gənclər arasında Azərbaycan çempionatı keçirilir. Gənc boksçulardan I Avropa Oyunlarında iştirak edənlər olacaqmı?

- Artıq üçüncü dəfədir bu yarış keçirilir. Burada əsas məqsəd Azərbaycan yığma komandasının üzvlərini təyin etməkdir. Üstəlik, avqustda Avropa çempionatı olacaq və bu komanda orada iştirak edəcək. Ola bilsin ki, buradan bir neçə gənc boksçu kişilərdən ibarət yığma komandanın heyətinə daxil edilsinlər. Bunun da nəticəsində onlar I Avropa Oyunlarında iştirak edə biləcəklər. AİBA-nın qaydasına görə, 18 yaşdan yuxarı boksçular kişilərin yarışında iştirak edə bilər. Onlar yaxşı çıxış etsələr, gələcəkdə kişilərdən ibarət yığma komandanın heyətinə qoşularaq beynəlxalq yarışlarda Azərbaycanın bayrağını yüksəyə qaldıra bilərlər.

- "Baku Fires" WSB-də (Ümumdünya Boks Seriyası) heç də pis nəticə göstərmir. Həmin döyüşçülərin xidmətindən Oyunlar zamanı yararlanmaq mümkün olacaqmı?

- AİBA-nın qaydasına görə, "Baku Fires"ın də iştirakçıları bütün beynəlxalq yarışlarda iştirak edə bilərlər. Onlar peşəkar boksçu sayılır. Ancaq onların bu yarışlarda iştirak etməsi üçün Beynəlxalq Olimpiya Komitəsinin tam qərarı yoxdur. Yəqin ki, yaxınlarda belə qərar qəbul olunar. Belə olsa, onlar da bu yarışlarda iştirak edəcəklər.

- I Avropa Oyunlarına qədər hansı yarışlarda iştirak nəzərdə tutulub?

- İlk olaraq təlim-məşq toplanışı olacaq. Apreldə sınaq yarışları keçiriləcək. Bəlkə "Böyük İpək Yolu" adlanan bu yarış sonuncu yoxlama turniri oldu. Bundan əlavə, Özbəkistan, Qazaxıstan və Türkiyə yığma komandaları Azərbaycanda təlim-məşq toplanışı keçirmək istəyirlər. Üstəlik, İrlandiya millisi də Bakıda hazırlaşmaq istəyir. Təlim-məşq toplanışı başa çatdıqdan sonra iki ölkə arasında yoldaşlıq görüşü keçirməyi planlaşdırırlar. Bu da Avropa Oyunlarına hazırlığın ən yaxşı metodlarından biridir.

- Oyunlarda kişilərlə yanaşı, qadın boksçular da iştirak edəcək...

- Apreldə olacaq test yarışlarına 10 çəki dərəcəsində ümumilikdə 80 kişi boksçu dəvət olunub. Qadın boksçulardan isə 10 nəfər dəvət edilib. Onların 6-sı xarici ölkələrdən - Rusiya, Fransa, Almaniya, İngiltərə və Bolqarıstandan olacaq. 4 qadın boksçu isə Azərbaycanı təmsil edəcək. Yoxlanış xarakterli olan bu yarışı Avropa Oyunlarının Təşkilat Komitəsi həyata keçirir. 4 gün keçiriləcək yarışda 90 boksçu olacaq. Ümumilikdə 80 kişi və 10 qadın boksçu mübarizə aparacaq.

- Avropa Oyunlarında kişi və qadın boksçulardan neçə medal gözləyirsiniz?

- Son zamanlar Azərbaycan boksçuları Avropa və dünya çempionatlarında ən azı 3-4 medal qazanır. Mənə elə gəlir ki, Oyunlarda da ondan çox olacaq. 4-5 medal qazansaq, yaxşı nəticə hesab etmək olar.

- Azərbaycanın təşkilatçı ölkə olması, yarışlara birbaşa vəsiqə qazanması boksçular üçün hansı üstünlüyü yaradır?

- Bir misal var, evdə divarlar da kömək edir. Yarışın Bakıda keçirilməsi bizim idmançılar üçün bir növ dayaqdır. Orada 4-5 min tamaşaçı olacaq. Onlar hamısı "Azərbaycan, Azərbaycan" qışqıranda idmançılarımız daha yaxşı çıxış edəcək. Demək olar ki, qələbənin 30 faizi tamaşaçılara məxsusdur. Evdə döyüşəndə idmançılarımız özlərini daha rahat hiss edirlər. Üstəlik, burada hər bir idmançının dostu, qohumu, tanışı olacaq və heç kim istəmir ki, onların gözü qarşısında məğlub olsun. Bu da boksçularımız üçün motivasiyadır.

- Avropa Oyunlarında Azərbaycan neçə boksçu ilə təmsil olunacaq?

- Ümumilkdə 250-260 boksçu çıxış edəcək. Qaydalara əsasən, təşkilatçı ölkə olduğumuz üçün tam heyətlə çıxış edəcəyik - 10 kişi və 5 qadın boksçu.

- I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi, ölkəyə və idmana hansı üstünlükləri verir?

- Avropa Oyunları Azərbaycana üstünlük vermir. Azərbaycanın üstünlüyü olduğu üçün bu yarışa ev sahibliyi edir. Ölkəmizin üstünlüyü olmasa idi, Oyunlar burada keçirilməzdi. Bunlar hansı üstünlükdü? Azərbaycanda Olimpiya hərəkatının inkişafı, idmanımıza olan dövlət qayğısı, cənab Prezident İlham Əliyevin idmana verdiyi dəstək bu gün Azərbaycanı idman ölkəsi kimi tanıdır. Azərbaycan beynəlxalq turnirləri keçirməyə qadir bir ölkədir. Bakıda və bölgələrdə Olimpiya kompleksləri tikilib və idmançılar üçün hər cür şərait yaradılıb. 

Son xəbərlər

Orphus sistemi