Yuxarı
    Bağlamaq

    ​Ağacan Abiyev: "Məhəmmədrəsul Məcidovun qızıl medal qazanmaması AİBA-nın ağılsız addımının nəticəsidir"

    O, baş geyimi ilə döyüşə çıxsaydı, belə olmazdı

    Bakı. 29 iyun. REPORT.AZ/ "Hesab edirəm ki, Azərbaycan boksu get-gedə inkişaf edir. Bizim komandada Avropa çempionu, 2 dünya çempionu və olimpiya mükafatçıları var. Yəni, komandamız güclüdür və pik nöqtədədir". Bunu "Report"a açıqlamasında Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abiyev deyib.

    Federasiya rəsmisi "Bakı 2015" I Avropa Oyunlarına 2 ay hazırlaşdıqlarını bildirib. Onun sözlərinə görə, boksçular Meksika və Kubaya gedib, Asiyanın ən güclü boks komandaları ilə birgə toplanışlar keçiblər.

    A.Abiyev Oyunlarda qazanılmış medallar haqda da fikirlərini bildirib. O, 11 medal qazanacaqlarını gözləmədiyini qeyd edib: "Gözləyirdim ki, Oyunlarda yaxşı çıxış edəcəyik, 3 qızıl, ümumiyyətlə 5-6 medal qazanacağıq. Ancaq 11 medal əldə edəcəyimizi deyə bilməzdim. Nəticələr gözlədiyimizdən artıq oldu. Demək, komandamız çox gözəl hazırlaşıb. Üstəlik, yarış Bakıda keçirilirdi. "Evdə divarlar da kömək edir" deyirlər. Təbii ki, azarkeşlərin də böyük dəstəyi var. Qələbəmizin 10%-i azarkeşlərin boynuna düşür. Açılış və Bağlanış mərasimləri yüksək səviyyədə təşkil olundu və bu hər kəsi heyran etdi. Bir dəfə Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki Masallıda Olimpiya Mərkəzinin açılışında demişdi ki, Azərbaycan Avropanın Olimpiya mərkəzlərinin birinə çevrilib. Olimpiya Mərkəzisənsə, ya 1, ya da 2-ci pillədə olmalısan. Biz də Oyunların medal siyahısında 2-ci olduq və Hikkinin sözünü doğrultduq".

    Federasiya rəsmisi boksçu Məhəmmədrəsul Məcidovun zədələnməsinə də münasibət bildirib. O, deyib ki, təcrübəli əlcək sahibinin final döyüşünə çıxmamasına AİBA-nın (Beynəlxalq Həvəskar Boks Assosiasiyası) qərarı səbəb olub: "O da bizim yox, AİBA-nın atdığı ağılsız addımın nəticəsidir. Çünki indiyədək boksçular baş geyimi ilə döyüşürdülər və zərbələrin beyinə olan təsiri azalırdı. Üstəlik, heç bir zərbədə döyüşçünün qaşı, gözü partlamırdı. Məcidovun qaşı partladı və bizim bir qızıl medalımız itdi. Kim deyərdi ki, dünya, Avropa çempionu və 2012-ci il London Yay Olimpiya Oyunlarının mükafatçısı Bakıda çempion olmayacaq. Rəqiblərinin hər biri Məcidovdan 2 baş zəif idi. Amma Məhəmmədrəsul finalda iştirak edə bilmədi. Halbuki o, baş geyimi ilə döyüşə çıxsaydı, belə olmazdı".

    A.Abiyev Azərbaycan boksçularının 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya şanslarından da danışıb: "Rio-2016-ya düşmək üçün lisenziya qazanmaq lazımdır. Buna da oktyabrda Qətərin paytaxtı Dohada keçiriləcək dünya çempionatında nail olmaq mümkündür. Bakıda da Avropanın lisenziya xarakterli yarışı keçiriləcək. Siyahıya baxıram, ən azı 8-9 boksçumuz orada iştirak edə bilər. İnanıram ki, yaxşı nəticələr qazanacağıq".

    Qeyd edək ki, Azərbaycan boksçuları "Bakı 2015" I Avropa Oyunlarında 11 medal qazanıb. Bunlardan 6-sı qızıl, 1-i gümüş, 4-ü isə bürüncdür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi