Bakı. 3 fevral. REPORT.AZ/ "Azərbaycan idmanının inkişafından çox danışmaq olar. Ən fərəhli hal odur ki, Azərbaycan idmanının inkişafı və uğurları haqqında təkcə biz yox, artıq dünya idman hərəkatının aparıcı xadimləri deyir, təsdiq edirlər". "Report"un məlumatına görə, bunu YAP-ın rəsmi saytına müsahibəsində Milli Məclisin deputatı, Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abıyev deyib.
Baş katib Azərbaycan idmançılarının iyunun 12-də Bakıda start götürəcək I Avropa Oyunlarına idmançıların bu yarışa böyük əzmlə hazırlaşdıqlarını bildirib. A.Abıyev geridə qalan 2014-cü ilin ölkə idmançıları üçün uğurlu olduğunu, bütün beynəlxalq çempionat və turnirlərdə 805 medal qazanıldığını xatırladıb. Onun sözlərinə görə bu rəqəm 2013-cü ilin nəticəsindən 60 medal çoxdur: "2014-cü ilin ən böyük yarışı Yeniyetmələrin Nankin Yay Olimpiya Oyunları idi. Bu Oyunlarda yeniyetmə idmançılarımız möhtəşəm nəticə göstərdilər. 200 iştirakçı ölkə arasında Azərbaycan komandası 12 medalla 10-cu yerdə qərarlaşdı. Bax, budur bizim uğurlu idman gələcəyimiz".
Millət vəkili I Avropa Oyunlarına təşkilati baxımdan hazırlığın çox yüksək qiymətləndirildiyini söyləyib: "Avropa idman xadimlərinin sözü ilə desəm, "Bakı-2015"ə hazırlıq Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin və xüsusilə Təşkilat Komitəsinin sədri, ölkəmizin birinci xanımı, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə yüksək hazırlıq işləri aparılır".
Proqrama daxil olan bir neçə idman kompleksi və Olimpiya kəndinin hazır, qalanlarının isə başa çatmaq üzrə olduğunu söyləyən A.Abıyev Bakıda keçiriləcək bu idman tədbirinin Avropa Oyunlarının ən birincisi və gələcəkdə də ən yaxşısı olacağını əminliklə ifadə edib.
Qeyd edək ki, I Avropa Oyunları iyunun 28-dək davam edəcək.