Xaricdə əkin torpaqlarının kirayələnməsi ərzaq təhlükəsizliyimizə böyük töhfə verə bilər

Xaricdə əkin torpaqlarının kirayələnməsi ərzaq təhlükəsizliyimizə böyük töhfə verə bilər “Ərzaqlıq buğdaya olan tələbatın 75-80 %-ni daxili imkanlar hesabına təmin edə bilərik”
ASK
14 Yanvar , 2022 16:23
Xaricdə əkin torpaqlarının kirayələnməsi ərzaq təhlükəsizliyimizə böyük töhfə verə bilər

Azərbaycan orta perspektivdə ərzaqlıq buğdaya olan tələbatının 75-80 %-ni daxili imkanlar hesabına təmin edə bilər.

Bunu “Report”a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

Onun sözlərinə görə, ərzaq təhlükəsizliyin təmin olunması tək Azərbaycan üçün deyil dünyanın əksər ölkələri üçün ən aktual məsələlərdən biri və hətta birincisidir: “Ərzaq təhlükəsizliyimizin təmin olunması ölkə başçısı İlham Əliyevin hakimiyyətinin ilk günlərindən prioritet olaraq müəyyən olunub. Ötən dövr ərzində bu sahədə ciddi addımlar atılıb və tədbirlər görülüb. Bu istiqamətdə hökümətin konkret siyasəti olub. Amma bununla belə bu məsələ o qədər incə və mürəkkəbdir ki, onun həllini bir onillik ərzində etmək demək olar ki, mümkünsüzdür. Heç bir ölkə deyə bilməz ki, ərzaqla özünün tam şəkildə təmin edir. Bu mümkün deyil. Lakin mühüm ərzaq məhsulları var ki, qlobal təsirlərdən sığortalanmaq baxımından onlara olan tələbat əhəmiyyətli dərəcədə daxili imkanlar hesabına təmin edilməlidir.

Bunlardan ən vacib olanı məhz ərzaqlıq buğdadır. Ərzaq təhlükəsizliyi stategiyamızda buğda prioritet olaraq müəyyən olunub. Dövlətin bilavasitə ərzaqlıq buğda ilə bağlı həyata keçirdiyi stimullaşdırıcı tədbirlər, proqramlar nəticəsində biz bu gün tələbatımızın 55-58 %-ə yaxınını məhz daxili resurslar hesabına ödəyirik. Buna baxmayaraq yenə də ciddi şəkildə xaricdən asılı vəziyyətdəyik. Bunu xarakterizə edən bir sıra obyektiv və subyektiv faktorlar var. Bura təbii iqlim şəraiti, ölkənin yerləşdiyi coğrafi məkan, əkin üçün yararlı münbit torpaqların mövcudluğu, su ehtiyatları və sair bu kimi amilləri aid etmək olar. Bunlar sadalaya biləcəklərimizin az bir qismidir”.

Ekspert hesab edir ki, ərzaqlıq buğda istehsalının artırılması üçün bəzi kompleks tədbirlərin həyata keçirilməsi məqsədəuyğun ola bilər: “Əvvəla ərzaqlıq buğda sahəsində daxili imkanların genişləndirilməsində su təsərrüfatının düzgün idarə edilməsi vacib faktordur. Bu gün fermerlər tərəfindən su çatışmazlığı ilə bağlı kifayət qədər fikirlər səsləndirilir. Bunlar da əsassız deyil. Rəsmi məlumata görə, meliorasiya və su təsərrüfatının xətti ilə təqribən 10 milyard kubmetr su götürülür, 7 milyard kubmetr sudan səmərəli istifadə edilir, təqribən 3 milyard kubmetri isə itkilərə gedir. Bu kifayət qədər böyük rəqəmlərdir. İtkilərin azaldılması üçün ciddi modernizasiya işləri aparılmalıdır. Suvarma məqsədli (texniki) suyun dəqiq uçotu aparılmalıdır. Bu sahədəki ən son texnoloji həllərin tətbiqinə geniş yer verilməlidir. Suvarma üsulları təkmilləşdirliməlidir. Bu sektora şəxsi kapitalın cəlb edilməsi nəzərdən keçirilməlidir.

Bu gün dünya ölkələri hətta münbit torpaq çatışmazlığına belə həll tapıblar. Digər ölkələrdə torpaq kirayələmək yolu ilə bu və ya digər məhsullarda idxaldan asılılığı minimuma endirməyə çalışırlar. Bu məqsədlə ərəb ölkələri Avstraliyada, Yeni Zelandiyada, Çin Ukraynada torpaq kirayələyir. Azərbaycan da bu təcrübəni nəzərdən keçirməlidir. Ukrayna buğda istehsalı sahəsində dünyada aparıcı ölkələrdən biridir. Bu mənada həmin ölkədə torpaqların kirayə edilməsi ərzaq təhlükəsizliyinin təmin olunmasına böyük töhfə verə bilər.

İşğaldan azad olunmuş torpaqların potensialından da geniş istifadə olunmalıdır. Orada kifayət qədər böyük su ehtiyyatları, əkin üçün yararlı münbit torpaqlar var. Həmin resursları dövriyyəyə cəlb etməklə buğda istehsalında böyük imkanlar əldə edə bilərik. Bütün bunların reallaşdırılması nəticəsində ərzaqlıq buğdada xaricdən asılılığı 20 %-ə kimi endirə bilərik”.

Son xəbərlər

Orphus sistemi