Xaliq Məmmədov: “İqlimlə bağlı fors-majorlardan sığortalanmaq üçün qapalı təsərrüfatlar inkişaf etdirilməlidir” - MÜSAHİBƏ

Xaliq Məmmədov: “İqlimlə bağlı fors-majorlardan sığortalanmaq üçün qapalı təsərrüfatlar inkişaf etdirilməlidir” - MÜSAHİBƏ Qlobal iqlim dəyişiklikləri kənd təsərrüfatının inkişafı üçün ciddi təhdidlər yaradır. Bu məsələ Azərbaycan üçün də aktualdır. Ölkədə dayanıqlı kənd təsərrüfatı sisteminin qurulması əsas prioritetlərdən biridir. Xarici ölkələrdə innovativ kənd təsərrüfatı
ASK
28 Oktyabr , 2024 10:45
Xaliq Məmmədov: “İqlimlə bağlı fors-majorlardan sığortalanmaq üçün qapalı təsərrüfatlar inkişaf etdirilməlidir” - MÜSAHİBƏ

Qlobal iqlim dəyişiklikləri kənd təsərrüfatının inkişafı üçün ciddi təhdidlər yaradır. Bu məsələ Azərbaycan üçün də aktualdır. Ölkədə dayanıqlı kənd təsərrüfatı sisteminin qurulması əsas prioritetlərdən biridir. Xarici ölkələrdə innovativ kənd təsərrüfatı texnologiyalarının tətbiqi üzrə məsləhət xidmətləri göstərən beynəlxalq ekspert, “Agricola.az” şirkətinin direktoru, İqtisad elmləri üzrə fəlsəfə doktoru Xaliq Məmmədov bu mövzuda, eləcə də ərzaq təhlükəsizliyi, torpaq resurslarının səmərəli istifadəsi və kənd təsərrüfatında məhsuldarlığın artırılması yolları haqqında “Report”a müsahibəsində fikirlərini bölüşüb.

Həmin müsahibəni təqdim edirik:

-Bü gün dünyanın ən inkişaf etmiş ölkələrinin qarşısında duran əsas məsələ ərzaq təhlükəsizliyinin təmin olunmasıdır. Azərbaycanın ərzaq təhlükəsizliyi necə təmin olunur və onun gücləndirilməsi istiqamətində hansı addımlar atıla bilər?

- Dünyanın ən inkişaf etmiş ölkələri üçün ərzaq təhlükəsizliyinin təmin olunması prioritet məsələdir. Azərbaycanda da ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün strateji addımlar atılır. “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı”na uyğun olaraq, bu sahədə qısa, orta və uzunmüddətli tədbirlər həyata keçirilir. Bu tədbirlər arasında qida məhsullarının istehsalı, emalı və satışına kredit dəstəyi, qida istehsalçılarının idxaldan qorunması, vergi güzəştləri və kənd təsərrüfatında rəqabət qabiliyyətinin artırılması kimi addımlar var. Nəticədə, Azərbaycan ərzaq təhlükəsizliyi potensialını əhəmiyyətli dərəcədə yüksəldə bilib: ölkə özünü mal əti ilə 90 %, qoyun əti ilə 100 % təmin edir. Süd və süd məhsulları, eləcə də toyuq əti istehsalı isə 80 % səviyyəsindədir.

Lakin qloballaşan dünyada tam ərzaq təminatına yalnız daxili resurslarla nail olmaq mümkün deyil. Dünya iqtisadiyyatına inteqrasiya olunan Azərbaycan da digər ölkələr kimi müəyyən qida məhsulları üzrə idxaldan asılıdır. Ancaq bəzi məhsullar üzrə xaricdən asılılığı azaltmaq və bu tələbatı yerli istehsalla təmin etmək mümkündür. Məsələn, qarabaşaq tələbatının tamamilə idxal hesabına qarşılanması diqqət çəkir: əsas tədarük bazarı Rusiya olan Azərbaycan 2023-cü ildə bu ölkədən 13 min 629 ton qarabaşaq idxal edib ki, bu da ümumi qarabaşaq idxalının 99,7 %-ni təşkil edir. Ötən on ildə qarabaşaq idxalı dörd dəfədən çox artıb və ölkə bu müddətdə idxal üçün 30,8 milyon ABŞ dolları və ya indiki məzənnə ilə 52,4 milyon manat xərcləyib.

Hesablamalara görə, qarabaşaq tələbatını daxili istehsalla təmin etmək üçün təxminən 5-6 min hektar torpaq sahəsi kifayət edərdi. Azərbaycanda kənd təsərrüfatına yararlı 4,8 milyon hektar torpaq sahəsinin olduğunu nəzərə alsaq, bu məqsədə çatmaq əlçatan görünür. Ölkədə aqronomiya sahəsində kifayət qədər təcrübəli mütəxəssislərin olması və qarabaşağın yetişdirilməsi üzrə bilik bazası da bu istiqamətdə yerli istehsalın inkişafını mümkün edir. Ümumilikdə Azərbaycan, təxminən 13 adda qida məhsulunun tələbatını yerli istehsal hesabına ödəyə bilər. Bunun üçün həmin məhsulların idxalına sərf olunan vəsaitin təxminən 35-40 %-i kifayət edər. Bu addımlar bir tərəfdən ölkədə yüz milyonlarla ABŞ dollarının qalmasını, digər tərəfdən isə ölkəyə davamlı valyuta axınını təmin edər. Daxili tələbat tam qarşılandıqdan sonra artıqlığın ixracı da mümkün olar ki, bu da iqtisadi baxımdan strateji əhəmiyyət daşıyır.

- Azərbaycanın kənd təsərrüfatı məhsulları qiymət və keyfiyyət baxımından dünya bazarında nə dərəcədə rəqabət qabiliyyətilidir və həmin məhsulların rəqabətə davamlılığının artırılması üçün nə edilmədir?

-Azərbaycanın kənd təsərrüfatı məhsullarının dünya bazarında rəqabət qabiliyyətliliyi həm qiymət, həm də keyfiyyət baxımından müxtəlif çağırışlarla üzləşir. Bu məhsulların ixracı üçün mütləq effektiv logistika şəbəkəsi və bazar tələblərinə uyğunlaşmış keyfiyyət standartları tələb olunur. Məsələn, ərzaq məhsullarının Ərəb yarımadasına ixracı üçün İranın Bəndərəbad limanı vasitəsilə keçmək lazımdır, lakin burada logistika ilə bağlı problemlər mövcuddur. Nəticədə, Azərbaycanın Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər kimi böyük idxal potensialına malik ölkələrə tədarükü məhdud qalır.

Bundan əlavə, Baltikyanı ölkələrdə Azərbaycanın ticarət evləri olsa da, həmin bazarlara ərzaq məhsullarının davamlı ixracı hələ də reallaşmır. Baltikyanı ölkələr bir çox ərzaq məhsulunu tamamilə idxal etdiyi üçün bu bazarlar Azərbaycan üçün potensiallı olsa da, effektiv çatdırılma sisteminin olmaması ixracı çətinləşdirir.

Avropa İttifaqı bazarına çıxış daha yüksək standart və tələblərə riayət olunmasını tələb edir. Aİ-nin ərzaq təhlükəsizliyi ilə bağlı ciddi qaydaları var və məhsullarda kimyəvi elementlərin miqdarı standartlardan çox olarsa, həmin məhsul geri qaytarılır. Bundan əlavə, xüsusi sertifikatlaşdırma sistemi də Aİ bazarına çıxışı məhdudlaşdırır. Belə olan halda Azərbaycanın ənənəvi tədarük bazarı olan Rusiya əsas ixrac istiqaməti olaraq qalır. Hazırda Rusiyanın sanksiyalar altında olması Azərbaycan məhsulları üçün burada rahat bir mövqe yaradıb. Avropa məhsullarının Rusiyaya idxalının qadağan edilməsi həmin boşluğu Azərbaycan istehsalçıları üçün şans yaradır. Məsələn, Cəlilabad rayonunda çiyələk istehsalı genişləndirilib və bu məhsul Rusiya bazarında ciddi uğur qazanır.

Lakin uzunmüddətli perspektivdə Rusiyaya tətbiq olunan sanksiyaların qaldırılması mümkündür. Bu halda Avropa məhsulları, xüsusilə çiyələk, alma, kartof kimi məhsullar yenidən Rusiya bazarına daxil olarsa, Azərbaycan istehsalçılarının rəqabət aparmaqda çətinlikləri olacaq və bazar payının itirilməsi riski yaranacaq. Buna görə də, Azərbaycanın kənd təsərrüfatı məhsulları həm qiymət, həm də keyfiyyət baxımından rəqabət qabiliyyətli olmalıdır. Bunun üçün isə torpaqdan səmərəli istifadə edilməli, yəni hər hektardan və ya kvadratmetr istixanadan maksimum məhsul əldə olunmalıdır. Bu yolla məhsulun maya dəyəri aşağı salına bilər ki, bu da məhsulları qiymət baxımından rəqabətə davamlı edəcək.

- Kənd təsərrüfatı sahəsində dövlətin həyata keçirdiyi subsidiya və dotasiya siyasətini necə qiymətləndirirsiniz?

-Azərbaycanda kənd təsərrüfatının inkişafına dəstək məqsədilə fermerlər üçün geniş subsidiya siyasəti həyata keçirilir. Bu siyasət yanacaq, toxum və mineral gübrələrin əldə olunmasını, həmçinin suvarma sistemlərinə və kənd təsərrüfatı texnikalarına verilən dotasiyaları əhatə edir.

Suvarma sistemlərinin təkmilləşdirilməsi kənd təsərrüfatı üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın su ehtiyatları məhdud olduğundan, müasir suvarma sistemlərindən istifadə suyun səmərəli və qənaətlə istifadəsinə imkan yaradır. Lakin ölkədə hələ də arx vasitəsilə suvarmaya geniş şəkildə üstünlük verilir. Ötən il suvarma suyunun 50 %-dən çoxunun itkisi baş verib. Bu, ölkənin həllini gözləyən ən vacib məsələlərindən biridir. Əlavə olaraq, arx vasitəsilə suvarma zamanı su ilə birlikdə alaq otları yayılır ki, bu da məhsuldarlığa mənfi təsir göstərir. Müasir suvarma sistemlərinin üstünlüyü ondadır ki, onların tankerlərinə keyfiyyətli gübrə, dərman və pestisid əlavə edərək məhsuldarlığı artırmaq və xüsusi xəstəliklərə qarşı mühafizəni gücləndirmək mümkündür. Suvarma sistemlərinin təkmilləşdirilməsi sahəsində fasiləsiz iş görülməlidir.

Bununla yanaşı, kənd təsərrüfatı texnikasının modernləşdirilməsi də vacibdir. Müasir maşın və mexanizmlərin əldə edilməsi həm vaxt baxımından, həm də işlərin intensivliyi baxımından böyük əhəmiyyət daşıyır. Bu sahədə Azərbaycan, hətta bəzi inkişaf etmiş ölkələrlə müqayisədə ən öndə gedən ölkələrdən biridir.

Subsidiyalaşdırmada əsas məsələ vəsaitin nə vaxt və necə istifadə olunmasıdır. Məsələn, fermer bu gün torpağa azotlu gübrə verməlidir. Lakin subsidiya fermer kartına vaxtında yatırılmadığından, yanacaq, gübrə və ya toxum əldə edə bilmir və ya borc götürməyə məcbur olur. Bu da uyğunsuzluq və çətinliklər yaradır. Subsidiyanın vaxtında ödənilməsi bir nömrəli şərtdir. Bununla yanaşı, subsidiyanın istifadəsinə nəzarət də vacibdir. Əgər fermer bu vəsaiti gübrə üçün deyil, başqa məqsədlər üçün xərcləyirsə, dövlətin subsidiya siyasəti pozulmuş sayılır.

- Heyvandarlıq da kənd təsərrüfatının mühüm sahələrindən biridir. Bu gün Azərbaycanda hansı növ heyvanlar yetişdirilir və bu sahənin qarşısında hansı problemlər durur?

-Heyvandarlıq kənd təsərrüfatının mühüm sahələrindən biridir. Hazırda Azərbaycanda müxtəlif növ heyvanlar yetişdirilir, lakin sahədə bir sıra problemlər mövcuddur. Ölkənin əlverişli iqlim şəraiti heyvandarlığın bütün növlərinin inkişafına imkan versə də, xüsusilə qoyunçuluq sahəsində son illərdə geriləmə müşahidə olunur. Əsrlər boyu Azərbaycanın əsas məşğuliyyəti olan qoyunçuluq sahəsi dad, keyfiyyət və görünüş baxımından dünyada tanınan cinslərə malik olsa da, statistika göstərir ki, bu ilin əvvəlinə ölkədə 6,64 milyon baş qoyun mövcuddur. Təəssüf ki, bu rəqəm son 20 ilin ən aşağı göstəricisidir və yalnız ötən il qoyun sayı 531 min baş azalıb. Bu azalma 1992-ci ildəki 388 min başlıq azalmadan daha ciddi problem yaratmaqdadır. Qoyun sayının azalması 2015-ci ildən bəri davam edir.

İribuynuzlu mal-qaranın vəziyyəti də oxşardır. Ötən ilin sonuna ölkədə 2,51 milyon baş iribuynuzlu mal-qara mövcud idi ki, bu da il ərzində 111 min başlıq azalmadır və müstəqillik dövründəki ən böyük göstəricidir. Tələb və təklif qanununa əsasən, bu azalma birbaşa olaraq ət və ət məhsullarının qiymətinə təsir göstərir və bu gün ətin qiymətinin yüksəlməsində müşahidə olunur.

Lakin problem yalnız heyvan sayında deyil, məhsuldarlıqda da müşahidə olunur. İribuynuzlu mal-qaranın təxminən 1,1-1,2 milyon başı südçü cinslərdir və gündəlik olaraq 7-12 litr süd verir. Sağım dövrünün ildə 305 gün olduğunu nəzərə alsaq, hər heyvandan ildə maksimum 3,7 min litr süd əldə edilir ki, bu da Avropa ölkələrində və inkişaf etmiş ölkələrdəki 6-7 min litrlik göstəricidən xeyli azdır. Mövcud durumda atılacaq ilk addım sürətlə heyvanların damazlıq cins tərkibini dəyişdirməkdir. Hazırda Azərbaycanda təxminən 50 min baş cins mal-qara mövcuddur. Təxminən 450-500 min baş cins damazlıq iribuynuzlu heyvan olarsa, ölkə həm ət, həm də süd məhsulları üzrə daxili tələbatını tam ödəyə bilər.

Bundan əlavə, qapalı tipli təsərrüfatların yaradılmasına üstünlük verilməlidir. Azərbaycanda çox az sayda qapalı qoyunçuluq təsərrüfatı mövcuddur və iribuynuzlu mal-qara yetişdirən təsərrüfatların 90 %-i açıq sahələrdə fəaliyyət göstərir. Bu, torpaq resurslarının məhv olunmasına səbəb olur. Qapalı təsərrüfatlarda heyvan sağlamlığına nəzarət etmək, məhsuldarlığı artırmaq və gübrə, pestisidlərdən düzgün istifadə etmək üçün daha geniş imkanlar var.

Heyvanların yemlənməsi də önəmli məsələdir. Azərbaycanda qüvvəli yemlərdən az istifadə olunur ki, bu da ət və süd məhsullarının keyfiyyətinə mənfi təsir göstərir. Xüsusilə iri fermer təsərrüfatlarında mikroelementlərlə zəngin duzların yemləmədə istifadəsi insan sağlamlığı üçün vacibdir. Heyvanlar mikroelementlərlə qidalanmadıqda, insanlar ət və süddən lazımi mikroelementləri ala bilmirlər.

İri fermer təsərrüfatları, aqroparklar və qapalı təsərrüfatlarla yanaşı, minlərlə ev təsərrüfatı da yaradıla bilər. Bu yanaşma iqlim dəyişikliklərindən doğan fors-major hallara qarşı effektiv müdafiədir. Sovetlər dövründə kəndlərdə müəllim, həkim və digər peşə sahibləri həyətyanı sahələrdə öz qida ehtiyaclarını 70-80 % təmin edə bilirdilər və artıq məhsulun bir qismi bazara çıxarılırdı ki, bu da ailə büdcəsinə əlavə dəstək verirdi.

- Azərbaycanın kənd təsərrüfatında torpaq ehtiyatlarından istifadənin səmərəliliyi necə qiymətləndirilir? Torpaq ehtiyatlarından istifadədə hansı məhdudiyyətlər və problemlər mövcuddur?

-Azərbaycanın kənd təsərrüfatında torpaq ehtiyatlarından istifadənin səmərəliliyi bir sıra çətinliklərlə üzləşir. Dünya miqyasında olduğu kimi, Azərbaycanda da kənd təsərrüfatına yararlı torpaqların azalması və məhsuldarlığın düşməsi ciddi problemlərdən biridir. Ölkə ərazisində torpaqların şoranlaşması, eroziyaya uğraması, iqlim prosesləri nəticəsində aşınması və meşə torpaqlarının eroziyası kimi təbii proseslər torpaq istifadəsində əsas maneələrdən biridir.

Kənd təsərrüfatı təyinatlı torpaqların aktiv istifadəçilərindən biri olan aqroparklar bu sahədə müəyyən uğurlara nail olub. Hazırda Azərbaycanda 24 aqropark fəaliyyət göstərir və onların sayının 51-ə çatdırılması planlaşdırılır. Mövcud aqroparklarda elmi nailiyyətlər tətbiq edilsə də, ümumilikdə torpaq ehtiyatlarından istifadədə problemlər qalmaqdadır.

Torpaqdan səmərəli istifadənin vacib şərtlərindən biri onun üzvi gübrələrlə zənginləşdirilməsidir. Üzvi gübrələr torpağın keyfiyyətini artırır və uzunmüddətli məhsuldarlığı təmin edir. Lakin ölkədə üzvi gübrələrdən istifadə səviyyəsi cəmi 1 %-dən azdır. Torpağın aşınma, eroziya və şoranlaşma prosesləri üzvi gübrələrlə qarşısı alına biləcəyi halda, ölkədə üzvi gübrə istehsalının sənaye üsulu ilə təşkil edilməsi vacibdir. Azərbaycanda kifayət qədər xammal bazası mövcuddur ki, bu da daxili istehsal üçün geniş imkanlar yaradır və məhsuldarlığın 50 %-ə qədər artırılmasına kömək edə bilər.

Bununla yanaşı, digər gübrələrin istifadəsi də optimal səviyyədə deyil. Torpaqların laborator analizləri çox vaxt lazımi səviyyədə aparılmır, bu da fermerlərin torpağın real ehtiyaclarını bilmədən gübrələrdən istifadə etməsinə səbəb olur. Nəticədə, torpaq kimyəvi qalıqlarla yüklənir. Məsələn, Gəncə-Qazax iqtisadi rayonunda torpaqlar kaliumla həddindən artıq doyduğu üçün bitkilər bu elementi mənimsəyə bilmir, lakin fermerlər hər il torpağa azot, fosfor və kalium qarışığı olan gübrə əlavə edir. Eyni vəziyyət fosforlu gübrələrdə də müşahidə olunur: fosforla zəngin torpaqlara əlavə fosfor gübrəsi verilir ki, bu da bitkilərin maddələr mübadiləsinə mənfi təsir edir.

Bu təzadlı vəziyyət kənd təsərrüfatının inkişafını əngəlləyən əsas problemlərdən biridir. Torpaq ehtiyatlarının səmərəli istifadəsi üçün sistemli yanaşma və laborator analizlər əsasında gübrə istifadəsi zəruridir.

- Azərbaycanda torpağı zənginləşdirilməsi üçün istifadə edilən gübrələr nə dərəcədə səmərəlidir və bu sahədəki innovasiyaların tətbiq olunma səviyyəsini necə qiymətləndirirsiniz?

-Azərbaycanda torpağın zənginləşdirilməsi üçün istifadə edilən gübrələrin səmərəliliyi və innovasiyaların tətbiqi sahəsində hələ də əhəmiyyətli boşluqlar mövcuddur. Ənənəvi olaraq Azərbaycan gübrələri Rusiyadan idxal edir, lakin Ukrayna ilə hərbi münaqişə nəticəsində gübrə qiymətləri iki dəfə artıb. Bu bahalaşma Azərbaycan fermerlərinin gübrə əldə etmə imkanlarını məhdudlaşdıraraq torpağın keyfiyyətini və məhsuldarlığı aşağı salır. Lakin əsas problem yalnız qiymət artımı deyil; ənənəvi gübrələrin effektivliyi və ekoloji təhlükəsizliyi məsələləri də gündəmdədir. İqlim dəyişiklikləri fonunda ətraf mühitin mühafizəsi xüsusilə aktuallaşıb və bu baxımdan dünyada ənənəvi gübrələrdən daha innovativ, ekoloji təmiz variantlara keçid sürətlənir.

Qranul gübrələrdən maye gübrələrə keçid artıq qlobal bir trendlə xarakterizə olunur. 2024-cü ildə qlobal maye gübrə bazarının həcminin 22,18 milyard ABŞ dolları olduğu və 2030-cu ildə 31,27 milyard ABŞ dollarına çatacağı gözlənilir, bazarın orta illik artım tempi isə 5,9 % təşkil edir. Xüsusilə maye azot gübrələrinin bazarı sürətlə böyüyür və 2031-ci ilə qədər 9,2 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Maye gübrələr qida maddələrinin daha yaxşı mənimsənilməsini təmin etməsi, istifadəsinin asanlığı və ətraf mühitə minimal təsiri ilə fərqlənir.

Azərbaycan təcrübəsində bu cür gübrələr fermerlərin büdcəsinə ciddi qənaət etməyə də imkan verir. Məsələn, bir hektara 250 kiloqram qranul gübrə tələb olunursa, həmin sahə üçün cəmi 2-3 litr (200 litr su ilə qarışdırılaraq) maye gübrə kifayət edir. Bu isə təxminən 150 %-ə qədər vəsait qənaəti deməkdir. Eyni zamanda, maye gübrələr məhsuldarlığı artırır və mikroelementlərlə zəngin gübrələrin torpağa tətbiqi məhsuldarlığı 30 %-ə qədər yüksəldir.

Azərbaycanda bu yanaşmanın tətbiqi hazırda cəmi 5 % səviyyəsindədir. Halbuki COP29 kimi iqlim təşəbbüslərinə ev sahibliyi edən və ekoloji məsələlərdə qabaqcıl ölkələrdən biri olan Azərbaycan üçün innovativ gübrələrdən istifadənin təşviqi böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi, elmi tədqiqat institutları, ictimai birliklər və assosiasiyaların fəal iştirakı ilə geniş maarifləndirmə işləri aparılmalı, fermerlərin bu sahədə məlumatlılığı artırılmalıdır. Bu, kənd təsərrüfatının inkişaf perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır.

Son xəbərlər

Orphus sistemi