Kürdəmirdə yerləşən məşhur şərab zavodu XIX əsrin sonlarında istifadəyə verilib və uzun müddət sabit qaydada fəaliyyət göstərib. Mövcudluğu ərzində bu zavodda istehsal olunan içkilər Kürdəmir ərazisində yetişdirilən xüsusi üzüm növlərindən hazırlanıb.
“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, vaxtilə yüzlərlə əməkdaşın çalışdığı və müxtəlif növlərinin istehsal edildiyi zavodun artıq quru adı qalıb. Fəaliyyəti üç əsri əhatə edən bu zavodun indiki durumu yumşaq desək, ürəkaçan deyil.
İlk dövrlərdə bu müəssisənin istehsal etdiyi məhsullar yalnız Kürdəmir və ətraf bölgələrdə tanınırdısa, zaman keçdikcə zavodun şan-şöhrəti bütün Rusiyaya yayılıb, onun sorağı hətta rus çarına qədər gəlib çatıb. XIX əsrin ikinci yarısında Kürdəmir dəmir yolu xəttinin çəkilməsi isə bu zavodun məhsullarının ixracında mühüm rol oynayıb.
Rayonun nüfuzlu ziyalılarından olan araşdırmaçı mədəniyyət işçisi Vaqif Alıyev “Report”un yerli bürosuna bildirib ki, o zaman Rusiya çarı əlamətdar günlərdə öz sarayında şərab bayramı təşkil edər, məclis üçün dünyanın ən yaxşı içkilərini gətirdərmiş.
Bu məqsədlə çar şəxsi nümayəndəsi, XIX əsrin sonu, XX əsrin əvvəllərində öz seqmentində ən böyük maqnatlardan biri olan Nikolay Şustovu Tiflisə göndərir. Yeri gəlmişkən, o zamanlar “Şustov” markalı konyak bütün dünyada çox populyar idi. Şustov Tiflisə gedərkən qatar Kürdəmir dəmiryol stansiyasında dayanır. Fasilədən yararlanan maqnat qatardan düşür və stansiya ərazisində meyvə satan bir kişidən üzüm alır. Qatar yola düşəndə Şustov üzümdən dadır və o an Tiflisə getməkdən imtina edərək növbəti stansiyada düşüb geriyə - Kürdəmirə qayıdır. O, üzüm aldığı kişini tapır və məhsulu haradan əldə etdiyini soruşur. Təmtəraqlı məmur geyimində olan Şustovun görkəmindən qorxan kişi satdığı üzümün oğurluq olmadığına, öz həyətində yetişdirdiyinə and içir.
Məşhur şərabçı stansiya işçilərinin köməyi ilə kişidən öyrənir ki, həmin üzüm növü bu ərazidə yetişir və bir sahibkarın bağında kifayət qədər bol məhsul var. Şustov kişidən xahiş edir ki, onu həmin bağ sahibinin yanına aparsın. Əlacsız qalan kişi onu kəndin yüzbaşısı olan dövrün çox nüfuzlu adamı Mirzə Manaf Məlikovun yanına aparır. Göyçay qəzasının baş pristavı olan Mirzə Manafla tanış olan Şustov ondan bu üzümün sənaye qaydasında becərilməsini xahiş edir. Elə həmin il sahibkarın da ortaqlığı ilə Kürdəmirdə şərab emalı zavodu tikilir. Sonralar çar II Nikolay Tiflisə səfər edərkən Kürdəmir dəmir yolu stansiyasında dayanır və şərab zavodunun sahibi ilə görüşüb söhbətləşir. Haqqında danışılan keyfiyyətli üzüm sortu “Şirvanşahı”, ondan istehsal olunan içki isə məşhur “Kaqor” və "Kürdəmir” şərabları idi.
Sovet dövründə isə keçmiş SSRİ rəhbərliyinin süfrəsinin bəzəyi, ən məşhur içkisi olub. Bu zavod vaxtilə keçmiş SSRİ məkanında ən tanınmış şərabçılıq müəssisəsindən biri olub. O baxımdan, sovet dönəmində Kürdəmir şərab zavodunun ölkə xaricində də yetərincə tanınması təsadüfi deyildi. İndiki Atakişili kəndi ərazisində zavodun almanlar tərəfindən inşa olunmuş yeraltı hazır məhsul anbarı da mövcud olub.
Kürdəmir şərabının sovet dövründə məşhurluğuna digər bir dolayı sübut kimi onun filmdə adının çəkilməsidir. Belə ki, SSRİ-nin kult ekran əsərlərindən olan “Görüş yerini dəyişmək olmaz” ("Место встречи изменить нельзя") filmində iki epizodda “Kürdəmir” şərabından bəhs olunur.
Kürdəmir rayonunda şərabçılığın tarixini məşhur şərabçı Mirabbas Ağayev tədqiq edirdi. Təəssüf ki, həyatdan vaxtsız köçən şərabçının araşdırmaları hələ ki işıq üzü görməyib. Yuxarıda adından bəhs olunan Mirzə Manaf Məlikov isə sahibkar olmaqla yanaşı, həm də çox maraqlı şəxsiyyət idi. O, dövlət məmuru kimi də bölgədə böyük nüfuz qazanıb. Əslən Şamaxıdan olan Mirzə Manaf dağıdıcı zəlzələdən sonra ailəsi ilə birlikdə Kürdəmirə köçüb, Göyçay qəzasının baş pristavı təyin edilib.
Ermənilər 1918-ci ildə Kürdəmirdə görünməmiş vəhşiliklər törədəndə Mirzə Manafın mülklərini yandırsalar da, şərab zavodunun müdiri erməni olduğuna görə müəssisəyə heç bir zərər yetirməyiblər.
Bir vaxtlar şöhrəti bütün dünyaya yayılan Kürdəmirdəki şərab zavodundan indi sadəcə, kiçik spirt sexi qalıb, "Şirvanşahı" üzüm növü isə artıq mövcud deyil.
1974-1996-cı illərdə zavodun direktoru olmuş Hacıoğlan Şükürov “Report”un yerli bürosuna bildirib ki, müəssisə öz istehsal gücünü 60-cı illərdən sonra daha da genişləndİrib. Zavoda hər il istər bağlardan, istərsə də fərdi təsərrüfatlardan əsasən “Şivanşahı”, “Mədrəsə” və “Ağşirə” sortları olmaqla, 10 min ton üzüm tədarük olunurdu. Lakin zavod 1998-ci ildə fəaliyyətini tamamilə dayandırıb. V.Alıyevin sözlərinə görə, zavodun ərazisində yalnız inzibati binanın və istehsal korpusunun qalıqlarına rast gəlmək mümkündür. Zavodun yerləşdiyi ərazidə məskunlaşan insanlarla söhbətdən məlum oldu ki, müəssisə xeyli vaxtdır türkiyəli iş adamı tərəfindən alınıb. Haqqında hər hansı məlumat olmayan həmin iş adamı zavodu aldıqdan sonra ərazidə heç bir iş görülməyib.