“Bu ilin mayın sonu, iyunun əvvəlində başlanılacaq taxıl biçini ilə bağlı hazırda ölkədə təlabatı ödəmək üçün kombayn mövcuddur”.
Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov məlumat verib.
Onun sözlərinə görə, hazırda ölkədə taxıl biçinini ilə bağlı hazırlıq işləri davam etdirilir: “1700-dən çox taxıl biçən kombayn var. “Aqrolizq” ASC-dən isə biçinə 728 kombayn cəlb ediləcək. Bundan əlavə, 125 ədəd yeni kombaynın alınması da planlaşdırılır".
V.Hüseynov həmçinin əlavə edib ki, dövlət dəstəyi ilə özəl sektor da texnika almaqdadır: “Ümumilikdə, ölkədə taxıl biçini sahədə təlabatı tam ödəmək üçün kombayn mövcuddur”.
Xatırladaq ki, ölkədə kənd təsərrüfatı texnikalarının satışı yeni qaydalarla aparılır. Artıq fermerlər müvafiq texnikanı güzəştli qiymətlərlə təkcə “Aqrolizinq”dən deyil, bütün təchizatçı şirkətlərdən ala biləcəklər. Texnikanın gömrük dəyərinin 20%-ni ilkin ödəniş olaraq fermer, 40%-ni isə subsidiya (güzəşt) şəklində Aqrar Kredit və İnkişaf Agentliyi ödəyir.