Türkiyənin Kənd Təsərrüfatı Sığortaları Sisteminin (TARSİM) Müşahidə Şurasının sədri Osman Yıldız "Report"a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
- Son illərdə yaşanan kəskin iqlim dəyişiklikləri və təbii fəlakətlər aqrar sığortanın əhəmiyyətini artırıbmı? Bildiyimizə görə, Türkiyədə baş verən zəlzələ zamanı da aqrar sığorta sistemi öz vacibliyini göstərib. Bununla bağlı fikirlərinizi bilmək istərdik.
- Son illərdə iqlim dəyişikliyi ilə bağlı meteoroloji hadisələrin tezliyində və şiddətində artım müşahidə olunur, gözlənilməz risklər nəticəsində təbii fəlakətlər baş verir. Təbii fəlakətlərdən bütün iqtisadi sektorlar, ən çox da kənd təsərrüfatı sektoru təsirlənir. Kənd təsərrüfatı istehsalına təsir edən risklər təkcə istehsalçıları deyil, hamımızı əhatə edən sistemi təhdid edir. İstehsalçının bu risklər və qeyri-müəyyənliklər qarşısında istehsalı davam etdirməsini, kənd təsərrüfatı sektorunun sabit və proqnozlaşdırıla bilən olmasını, kənd təsərrüfatı istehsalının davamlılığını təmin etmək üçün kənd təsərrüfatında bir çox risk idarəetmə alətləri hazırlanıb.
“Aqrar Sığorta Sistemi” istehsalçı itkilərinin aradan qaldırılması, istehsalın davamlılığı və qida zəncirində neqativ halların qarşısının alınması üçün dünyada qəbul edilmiş ən mühüm müasir risklərin idarə edilməsi vasitələrindən biridir. İqlim dəyişikliyi ilə bağlı artan risklər və qeyri-müəyyənliklər kənd təsərrüfatı istehsalına təsirini artırıb və istehsalçıların aqrar sığortaya marağı günü-gündən artır. TARSİM-in Türkiyədə qurulduğu 2005-ci ildən bəri sığorta tarifinin hər il davamlı olaraq artması, aqrar sığortanın istehsalçılar üçün əhəmiyyətinin artdığını göstərir.
Türkiyədə fevral ayında baş verən, geniş bir coğrafiyanı əhatə edən və əsrin ən böyük fəlakəti olaraq xarakterizə edilən zəlzələdən bütün sektorlar zərər çəkdiyi kimi, istehsalçılarımız da zərər çəkdi. Ölkə bu fəlakətin nəticələrini aradan qaldırmaq, yaraları sağaltmaq üçün birlik və həmrəylik içində hərəkət etdi. Zəlzələ fəlakətinin nəticələrinin aradan qaldırılmasında dövlət yardımı ilə yanaşı, müasir risk idarəetmə vasitələri olan Təbii Fəlakət Sığortası Hovuzu (DASK) və TARSİM də mühüm rol oynadı. DASK və TARSİM-in sürətlə hərəkətə keçərək dəymiş zərərlərə görə ödənişlər etməsi bölgədə yaşayan insanların normal həyatlarına qayıtmasına və istehsala başlamasına kömək etdi.
- Azərbaycanda aqrar sığorta mexanizmi TARSİM-in dəstəyi və təcrübəsindən istifadə edilməklə yaradılıb. Ölkəmizdə bu sistem yaranandan bəri əldə olunan nəticələr sizi qane edirmi? Azərbaycanda bu sahədə görülən işləri necə qiymətləndirirsiniz?
- TARSİM yarandığı gündən keçən 17 illik müddətdə dünyada "Hovuz Sistem"ləri arasında beynəlxalq aləmdə nümunəvi bir tətbiq kimi göstərilir və bir çox ölkənin təsir dairəsinə daxil olub. Türkiyədə uğurla həyata keçirilən və gündən-günə təkmilləşdirdiyimiz TARSİM sistemi qurulduqdan sonra ilk növbədə Azərbaycanla əməkdaşlığa, təcrübə və biliklərimizi paylaşmağa, bələdçilik etməyə başladıq.
TARSİM-in rəhbərliyi və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və Maliyyə Nazirliyinin dəstəyi ilə yaradılan Aqrar Sığorta Fondu (ASF) yarandığı gündən çox böyük yol keçib və uğurlu nəticələr əldə etməklə Azərbaycan istehsalçılarına ciddi töhfələr verməyə başlayıb. İnanırıq ki, ASF-nin qarşılayacağı yeni risklər və məhsullarla istehsalçılara verilən güzəştlər daha da artacaq. TARSİM olaraq bu yolda hər zaman Fonda dəstək olmağa və yol göstərməyə davam edəcəyik.
TARSİM sistemini nümunəvi bir model kimi götürmək istəyən digər ölkələrə deyəcəyimiz bir nüans var. İstəyirik ki, onlar ilk növbədə Azərbaycanda bizim dəstəyimizlə yaradılan aqrar sığorta sistemini araşdırsınlar və keçilən mərhələləri görsünlər. Biz Aqrar Sığorta Sistemini qurmaq istəyən Özbəkistan nümayəndələrinə də eyni təklifi verməklə və onların Azərbaycana səfərini təmin etməklə ASF-nin uğuruna öz töhfəmizi veririk.
Türkiyə olaraq ASF-ə möhkəm addımlarla və risk və məhsul əsasında əhatə dairəsinin tədricən genişləndirilməsi və zərərin qiymətləndirilməsi üzrə ekspertlərin hazırlanması ilə istiqamət verməyə çalışırıq. Bu şəkildə olması sistemin daimiliyini və uzun illər Azərbaycan fermerlərinə xidmət göstərməsini təmin edəcək.
- Azərbaycanda tətbiq edilən aqrar sığorta modeli region ölkələri üçün nümunə sayıla bilərmi? Azərbaycanın bu təcrübəsinin başqa ölkələrdə də tətbiqi imkanları barədə nə deyə bilərsiniz?
- Azərbaycanda qurulan və uğurla həyata keçirilən aqrar sığorta modeli TARSİM ilə birlikdə region ölkələri üçün nümunə olmağa başlayıb. Sentyabrın 3-də Türkiyə ilə Özbəkistan arasında aqrar sığorta sisteminin yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb və araşdırmalara başlanılıb. Özbəkistan tərəfinin Azərbaycanın təcrübəsindən yararlanması vacib hesab edilərək bu prosesə Azərbaycan da daxil edildi.
Bəşəriyyət üçün qida istehsalının ən mühüm elementi torpaq və bu torpaqlardakı kənd təsərrüfatı istehsalıdır. Türk Dünyasında kənd təsərrüfatı istehsalı üçün birlikdə hərəkət etmək və istehsal potensialını artırmaq qida əlçatanlığında böyük rol oynayacaq. Bu istehsal potensialı artdıqca aqrar sığortanın da əhəmiyyəti artacaq. Türkiyə və Azərbaycan olaraq məqsədimiz türk dövlətləri arasında ortaq aqrar sığorta sisteminin yaradılmasına rəhbərlik etməkdir.
- TARSİM olaraq işğaldan azad edilmiş Azərbaycan torpaqlarında hansısa layihə həyata keçirmək planınız varmı?
- Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının dirçəldilməsində ilk öncə bu bölgənin infrastrukturundan başlayaraq ehtiyacları sürətlə müəyyən edilməlidir. Türkiyə olaraq bu ehtiyaclara cavab verən layihələrin hazırlanmasında hər zaman əməkdaşlığa hazırıq. TARSİM Azərbaycanda davam edən əməkdaşlıq çərçivəsində işğaldan azad edilmiş torpaqlarda aqrar sığorta sisteminin genişlənməsinə öz töhfəsini verəcək.
- ASF işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafında nə kimi rol oynaya bilər?
- Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının istehsal proseslərinə cəlb edilməsi üçün layihələrin hazırlanması vacibdir. ASF-nin bu sahədə koordinasiyalı təcrübələri ilə yanaşı, regionda risklərin müəyyən edilməsi, Fondun əhatə dairəsinin yaxşılaşdırılması və yeni layihələrin hazırlanması faydalı olacaq.
- Qeyd etdiniz ki, Azərbaycanda aqrar sığorta mexanizmi TARSİM-in təcrübəsinə əsaslanaraq yaradılıb. TARSİM ilk yarananda məhdud sayda məhsul və risk təklif etsə də, sonradan məhsul çeşidi genişləndi. TARSİM Türkiyədə kənd təsərrüfatı sektorunda hansı risklərdən sığortalanmağı təmin edir? Bu risklərdən sığorta Azərbaycanda tətbiq oluna bilərmi?
- TARSİM-in Türkiyədə ilk yarandığı gündən populist yanaşmalardan uzaq olaraq, məhsul və riskləri seçərkən məsuliyyəti nəzərə almışıq. TARSİM olaraq əhatə etdiyimiz risklər Türkiyədəki istehsalçıların məhsullarına ən çox təsir edən risklər və tələblərdir. Universitetlərdən müxtəlif sahələr üzrə professorlarımızın daxil olduğu "TARSİM Elm Şurası"nı yaratmışıq. Yeni məhsullar və risklər bu Elmi Şuranın tövsiyələri, lazım gəldikdə onun həyata keçirdiyi layihələrin nəticələri, TARSİM-in rəhbərliyi və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən nəzərə alınmaqla əhatə dairəsinə daxil edilir. Azərbaycan ASF-də qarşılanacaq məhsul və risklərlə bağlı TARSİM Elmi Şurasından, lazım gələrsə, Türkiyəli professorlardan ibarət “Elmi Şura”nın araşdırma və tövsiyələrindən istifadə oluna bilər.
Biz Azərbaycan istehsalçılarının prioritet ehtiyaclarını nəzərə alaraq TARSİM-in tətbiq etdiyi risk sığortalarının Azərbaycanda da tətbiq olunması üçün təcrübələrimizi bölüşməyə davam edirik. Eyni zamanda, TARSİM-in təcrübəsindən yararlanmaq və Türkiyədə tətbiq olunan quraqlıqdan məhsul sığortası və gəlirlərin mühafizəsi sığortasının Azərbaycanda inkişaf etdirilməsi istiqamətində əməkdaşlıq etmək üçün Azərbaycan rəsmilərini Türkiyədə qonaq etməkdən hər zaman məmnunuq.
- Türkiyədə kənd təsərrüfatı sektorunda ən çox hansı risklərə görə kompensasiya ödənişləri həyata keçirilir? Ən populyar risklər hansılardır?
- Türkiyə iqlimi, istehsal potensialı və məhsul müxtəlifliyi baxımından böyük coğrafiyaya malik ölkədir. Məhsulların çeşidi çox olduğuna görə onlar risklərə qarşı həssaslığı ilə fərqlənir. Ümumiyyətlə tarla bitkilərinin yetişdirildiyi və istixanaların olduğu ərazilərdə dolu, tufan, tornado və sel kimi risklər, açıq havada yetişdirilən meyvələrdə isə donma riski ön plana çıxır və kompensasiya ödənişləri əsasən bu risklərə görə olur. Heyvanların həyatının sığortasında xəstəliklər nəticəsində ölüm riskindən yaranan kompensasiyalar daha çoxdur.
- TARSİM quraqlıq sığortasının tətbiqinə başlayıb. Bu sığorta Türkiyənin hansı bölgələrində və necə həyata keçirilir? Bu sığortanın tətbiqinin ilkin səbəbləri nə idi və onun tətbiqi sektora necə təsir göstərdi?
- Türkiyədə son illərdə iqlim dəyişikliyinə görə, quraqlıq baş verməyə başlayıb və bundan xüsusilə taxıl məhsulları təsirlənir. TARSİM olaraq quraqlıq səbəbindən istehsalçıların gəlir itkilərini kompensasiya etmək üçün bu sığorta növünü inkişaf etdiririk. Nəticədə quraq ərazilərdə məhsul verən istehsalçıların istehsaldan geri çəkilməsinə mane olmaqla, strateji taxıl istehsalının davamlılığına töhfə verilib.
- Aqrar sığortanın tətbiqi Türkiyədə kənd təsərrüfatı sektoruna investisiyaların cəlbediciliyinə necə təsir edir?
- Türkiyədə TARSİM qurulmazdan əvvəl kənd təsərrüfatı sektoru qeyri-müəyyənlik və yüksək risk xarakteri daşıdığı üçün bu sektorda fəaliyyət göstərən istehsalçılar və investorlar problemləri ənənəvi üsullarla həll etməyə çalışırdı. Risklərin ölçüsünün və büdcə həcmlərinin qeyri-müəyyənliyi səbəbindən dövlətin risklərin idarə edilməsi alətləri bütün riskləri əhatə etmirdi, istehsalçıların məmnunluğu aşağı səviyyədə idi. Bu da plansız, qeyri-müəyyən və gözlənilməz böyük büdcə yükü yaradırdı. TARSİM-in yaradılması istehsalçıların məhsullarının bütün risklərdən qorunması ilə aqrar sektorda məmnunluğu artırdı. Biz Türkiyədə TARSİM-in əhatə dairəsini proqnozlaşdırıla bilən şəkildə genişləndirmək üçün fəaliyyətimizi davam etdiririk.
Bundan əlavə, istehsalçılarımızın maliyyələşmə baxımından ehtiyac duyduqları kreditlərdən istifadə etmələri üçün aqrar sığortanı icbari etməklə, mümkün risklərə qarşı maliyyə təminatı verən banklara və istehsalçılara zəmanət veririk. Hazırladığımız və inkişaf etdirdiyimiz bütün alətlər kənd təsərrüfatı sektorunun TARSİM-ə marağını artırır.