Azərbaycanda aqrar sığorta sistemini tətbiqi məqsədilə 2019-cu ildə Aqrar Sığorta Fondu yaradılıb. 2020-ci ilin fevral ayında Azərbaycanın Aqrar Sığorta Fondu və Türkiyənin Kənd Təsərrüfatı Sığorta Birliyi (TARSİM) arasında iki ölkənin aqrar sığorta sahəsində qarşılıqlı əməkdaşlığını nəzərdə tutan Niyyət Bəyannaməsi imzalanıb. Həmin ilin noyabr ayından Azərbaycanda Türkiyənin bütün dünyada məşhur olan TARSİM modeli əsasında dövlət dəstəyi ilə aqrar sığorta mexanizminin tətbiqinə başlanılıb.
TARSİM-in Baş direktoru Serpil Günalın “Report” İnformasiya Agentliyinə müsahibəsi
- İki ildir ki, Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizmi tətbiq edilir. Bu müddət ərzində əldə olunan nəticələri necə qiymətləndirərdiniz?
- Türkiyə olaraq aqrar sığorta mövzusunda Azərbaycanla görüşlərimiz 2016-cı ildə başladı. Azərbaycanda bu sahədə qanunlar qüvvəyə mindikdən sonra 2020-ci ildə TARSİM olaraq Aqrar Sığorta Fondu ilə imzaladığımız Niyyət Bəyannaməsində qeyd edilmişdi ki, biz TARSİM olaraq hər cür təcrübəmizi Aqrar Sığorta Fondu ilə bölüşəcəyik. Fəaliyyətinə 14 bitkiçilik məhsulu ilə başlayan Fond bu məhsulların sayını 41-ə çatdırıb. Bu gün penetrasiya səviyyəsi 96 %-dir.
Çox qısa vaxt ərzində Fond xeyli işlər gördü. Amma hələ atılmalı addımlar çoxdur. Azərbaycanda aqrar sahədə dolu, don, fırtına, sel və digər risklərlə bağlı sığorta təminatı var. Bunlarla bağlı fəaliyyətlərə birlikdə davam edəcəyik. Bizim ciddi təcrübələrə malik ekspertlərimiz var. Onların təcrübəsinin də Aqrar Sığorta Fonduna ötürülməsi olacaq. Bu əməkdaşlığımız hər zaman davam edəcək. Bizdə quraqlıq təminatı da var. Biz quraqlıq təminatını 2017-ci ildə, yəni aqrar sığorta barədə qanunun qüvvəyə minməsindən 12 il sonra tətbiq etməyə başladıq. Təbii ki, Aqrar Sığorta Fondunun da fəaliyyətinin genişlənməsi lazımdır.
- Bu genişlənmə üçün daha hansı addımlar atılmalıdır?
- Don və dolu riski aqrar sahədə ən böyük risklərdən hesab olunur. Hazırda bu risklərlə bağlı təminat Azərbaycanda sığorta polisində yazılır. Bunlar barədə fermerlərə daha çox izah vermək lazımdır. Sığorta şirkətləri kənd təsərrüfatı məhsullarının istehsalçılarına başa salmalıdır ki, onlar bu polisləri alsınlar. Azərbaycanda əkin sahələrinin sığortası üzrə hesablanmış sığorta haqqının 50 %-ni fermerlərə dəstək məqsədilə dövlət ödəyir. Bu, dəstək az deyil. Don riski üzrə daha yüksək dövlət təminatı var. Düşünürəm ki, bu sahədə Aqrar Sığorta Fondu ilə fəaliyyətimiz daha da uğurlu olacaq.
Türkiyə Sığorta Birliyi və Türkiyə Təhsil Vəqfinin Azərbaycanda əməkdaşlıq fəaliyyətləri davam edir. Həm Türkiyədəki sığorta təcrübələri Azərbaycana ötürülür, Azərbaycandakı sığorta təcrübəsi də Türkiyəyə transfer edilir. Çünki iki dövlət - bir millətik. Buna görə də bu paylaşımlar çox dəyərlidir. Birlikdə fəaliyyətimizin dünyada da çox genişlənəcəyinə inanıram.
Türkiyədə aqrar sektora subsidiyalı kreditlər verilir. Bu kreditlərin alınması üçün aqrar sığortanın olması icbaridir. Aqrar sığortanın icbari olması əslində kreditin bir təminatıdır. Bu mənada bir təminatın olduğuna görə, kredit verənlər də rahat olur. Çünki hər hansı bir xoşagəlməz hadisə olsa, kredit borcları ödənəcək. Azərbaycanda aqrar sığortanın subsidiyalı kreditlərlə paralel tətbiqi çox önəmlidir. Bununla bağlı Mərkəzi Bankla görüşümüzdə çox ciddi təkliflərimiz oldu. Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov da bu istiqamətdə Mərkəzi Bankla müəyyən addımlar atacaq. Subsidiyalı kreditlərə bağlı aqrar sığortanın tətbiqi Fondun fəaliyyətini daha da genişləndirəcək. Risk görən fermerlər üçün aqrar sığorta bir qalxan rolunu oynayacaq.
- Azərbaycanda aqrar sığorta məhsullarının sayının artırılması baxımından hansı planlar var?
- Hazırda bitkiçilik məhsullarının sayı 16-dan 41-ə artırılıb. Bu məhsulların sayının daha da artacağını güman edirəm. Heyvandarlıq sığortası üzrə quşçuluq və balıqçılıq təsərrüfatları da sığorta dairəsinə alınacaq. Qarşıdakı günlərdə Azərbaycanda Türkiyədə olub burda olmayan məhsul və risklərin sığortalanması tətbiq ediləcək. Hazırda Türkiyədə tətbiq olunan aqrar sığorta növlərinin bir çoxu burda da tətbiq olunur. Amma Türkiyədə quraqlıq təminatı var. Biz bunun tətbiqinə 12 ildən sonra başladıq. Azərbaycanda da bunun üçün sistemin bir qədər genişlənməsi lazımdır. Hazırda önəmli olan öncə don və dolu təminatlarının verilməsi, femerlərin bu sistemi başa düşməsi və onların özlərinin gəlib bu məhsulu satın almasıdır.
- Azərbaycandakı sığorta şirkətləri aqrar sığortanın tətbiqi istiqamətində Türkiyədəki təcrübədən bəhrələnərək hansı yeni addımları atmalıdır?
- Aqrar sığorta fərqli bir sığorta növüdür. Bunun tətbiqi üçün aqrar sahəni bilmək lazmdır. Ona görə də sığorta şirkətləri aqrar sığorta satışı üzrə savadlı olmalıdır. Bu sahədə təhsil verilməsi lazımdır. Fermerə sığorta polisi verilir, amma fermer onu oxumur. Bəzən fermerlər aqrar sığorta sistemini yanlış başa düşürlər. Sığorta şirkətlərinin bir aqrar sığorta departamenti qurması lazımdır. Onlar aqrar sığortanı fermerlərə onların başa düşəcəyi formada izah etməlidir. Qeyd edim ki, aqrar sığortanın genişlənməsi üçün bu sahə üzrə bölgə təşkilatlarının da olması çox vacibdir.