Tahir Rzayev: "Minimal kəsim çəkisi qanunla tənzimlənəcək"

ASK
  • 23 oktyabr, 2026
  • 12:58
Tahir Rzayev: Minimal kəsim çəkisi qanunla tənzimlənəcək

Azərbaycanda aqrar sahədə yem payı və minimal kəsim çəkisi "Aqrar sahə haqqında" qanunla tənzimlənəcək.

"Report" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentin bu gün keçirilən plenar iclasında bildirib.

Onun sözlərinə görə, bu qanunla ərazilərin bitki növləri və heyvan cinsləri üzrə rayonlaşdırılması, bu amilin dövlət dəstəyi göstərilərkən nəzərə alınması da müəyyən edilir: "Növbəli əkin, vahid əkin sahələrinin təşkili, aqrotexniki tələblər, yem payı və minimal kəsim çəkisi kimi məsələlər də qanun layihəsinin əhatə dairəsinə daxildir.

Aqrar kooperativlərə satış yerləri təşkil etmək və bazarlarda ticarət yerləri əldə etmək hüququ verilir. Üstəlik, müvafiq qurum tərəfindən göstərilən 30-dan artıq aqrar xidmətin ilk dəfə qanun səviyyəsində vahid siyahıda təsdiqlənməsi nəzərdə tutulur".

T.Rzayev vurğulayıb ki, bu qanunun əsas məqsədləri ölkənin ərzaq təhlükəsizliyini təmin etmək, kənd yerlərinin dayanıqlı inkişafına nail olmaq, məşğulluğu artırmaq və kənddən şəhərə axını azaltmaqdır: "Eyni zamanda, aqrar sahənin rəqabət qabiliyyətinin, investisiya cəlbediciliyinin və ixrac potensialının yüksəldilməsi, dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, insan resurslarının hazırlanması, bitki və heyvan sağlamlığının qorunması, iqtisadi fəaliyyətin şaxələndirilməsi nəzərdə tutulur".

Deputat qeyd edib ki, qanun layihəsinə əsasən, torpaq dövlət tərəfindən qorunan əsas istehsal vasitəsi kimi müəyyən edilir: "Torpaq sahələrinin kiçilməsinin qarşısının alınması üçün vahid əkin sahələrinin formalaşdırılması, torpaqların konsolidasiyası və kooperativləşmə mexanizmlərinin tətbiqi nəzərdə tutulur. İstifadəyə yararlı torpaqlardan səmərəli istifadə, onların qorunması və əkin sahələrinin yandırılmasının qarşısının alınması da layihədə əksini tapır. Bundan başqa, aqrokimyəvi xəritələrin torpaqlarda baş verən dəyişikliklər nəzərə alınmaqla yenilənməsi, su itkilərini azaldan suvarma sistemlərinin tətbiqi, bitki növləri üzrə suvarma normalarının müəyyənləşdirilməsi və su tutarlarının yaradılması ilə bağlı məsələlər tənzimlənir".

44 filmi