Son illər Muğan zonasında narın yetişənə yaxın ağacda çürüməsi hallarının kütləviləşdiyi, bunun nəticəsində məhsuldarlığın xeyli azaldığı müşahidə edilir.
“Report”un yerli bürosu qeyd olunan problemin səbəblərini araşdırıb.
Bu barədə danışan bioloq Vidadi Məmmədov bildirib ki, bütün bitkilərin yaşayışında əsas amil iqlim şəraitidir. Belə ki, iqlimin dəyişməsi bitkilərin də inkişafına birbaşa təsir göstərir:
“Nar quru subtropik bitkidir. Azərbaycanda əsasən, Muğan zonasında yaxşı inkişaf edir, suya tələbatı azdır. Bitkinin tikanlarının və yarpaqlarının kiçik olması onun müəyyən qədər susuz qala bilməsinə imkan verir. Narın daha şirin olması meyvələrin inkişaf dövründə susuz qalmasıdır. Həmin vaxt havanın yağıntılı keçməsi meyvələrin çürüməsinə və partlamasına səbəb olur”.
Mütəxəssis problemdən çıxış yolu kimi nar kollarını zəruri ehtiyac olmadan suvarmamağı tövsiyə edib:
"Bütün bitkilərlə yanaşı, nara da düzgün qulluq edilsə, yaxşı məhsul götürmək mümkündür. İqlim şəraiti imkan verərsə, yəni havalar əlverişli keçərsə, narın inkişaf prosesində problem olmaz. Lakin torpaqların şoranlaşması və mineral çatışmazlığı bu prosesə mənfi təsir göstərir”.
Qeyd edək ki, hər il ölkədə təqribən 187 min ton nar yığılır, toplanan məhsulun 15 faizi müxtəlif ölkələrə ixrac edilir. Hazırda nar ölkəyə valyuta gətirən ixrac məhsullarından biridir.