​Rusiyanın sanksiyaları Avropa Birliyinə 125 mln. dollar ziyan vurub

​Rusiyanın sanksiyaları Avropa Birliyinə 125 mln. dollar ziyan vurub AB ərzaq istehsalçılarına kompensasiya edə biləcəklərini açıqlayıblar
ASK
22 Avqust , 2014 09:52
​Rusiyanın sanksiyaları Avropa Birliyinə 125 mln. dollar ziyan vurub

Bakı. 22 avqust. REPORT.AZ/ Rusiyanın Qərb ölkələrindən ərzaq məhsullarının idxalına qadağa qoymasından sonra Avropa Birliyi ölkələri meyvə və tərəvəzin xarab olmasına görə kompensasiyası üçün fermerlərə 125 mln. avro (təxminən 167 mln. ABŞ dolları) pul ödəyib. “Report” xəbər verir ki, bu barədə “CNN Money” məlumat yayıb.

Avropa Komissiyasının nümayəndəsi Roger Veyte kompensasiyanın böhranın dərinləşməməsi, həm də təchizat səviyyəsinin zəifləməməsi üçün verildiyini deyib.

Sanksiyalar səbəbi ilə Rusiya əks hücuma keçərək Avropa, ABŞ, Avstraliya, Kanada və Norveç kimi ölkələrin məhsullarının idxalını qadağan edib. Avropa Birliyi isə böhran dövründə fermerlərə yardımın davam etdiriləcəyini açıqlayıb.

Bu fövqəladə yardım qərarı noyabra qədər davam edəcək və fermerlərin bütün gəlirləri dəstəklənəcək.

Kompensasiya ödənilən məhsullara alma, armud, pomidor və xiyar daxildir. Fermerlərin məhsulları satmaqla bağlı bir neçə imkanları olsa da, onlar yeni satış bazarları axtarırlar. Bununla yanaşı məhsulların əksəriyyətinin 50%-dək ucuzlaşdığı bildirilir.

Rəsmi məlumatlara görə, təkcə ötən il AB Rusiyaya 2,7 mld. dollarlıq meyvə və tərəvəz ixrac edib. Rusiyanın qadağasından ən ağır zərbə alan ölkələr Polşa, İspaniya və Litva olub.

AB rəsmiləri ümid edirlər ki, yığılan məhsulların bir hissəsi qida banklarına (qida anbarları), xəstəxanalara, məktəblərə və həbsxanalara pulsuz paylanacaq və məhsulların bir qismi isə erkən yığılıb məhv ediləcək.

Avropa fermer və ərzaq kooperativləri atılan bu addımı alqışlayıblar, amma onlar Rusiyanın bu sanksiyasının uzun müddət davam edəcəyi təqdirdə fermerlərə dəyən ziyanın artıq olacağı ilə bağlı AB-ni xəbərdar ediblər.

AB rəsmiləri isə bazarlarda mütəmadi monitorinqlərin keçirildiyini və digər ərzaq məhsullarının istehsalçılarına zərər gələrsə, onu da kompensasiya edə biləcəklərini açıqlayıblar.

Son xəbərlər

Orphus sistemi