Rusiya Azərbaycan üçün buğda, arpa və qarğıdalının əsas idxalatçısıdır. Cari ilin birinci yarımilliyində Azərbaycanın buğda idxalının 66,3 %-i, arpa idxalının 81 %-i, qarğıdalı idxalının isə 66 %-i bu ölkədən olub. Avqustun 23-dən Rusiyada arpa, buğda və qarğıdalı ixracı üzrə gömrük rüsumları artırılıb. Bundan bir həftə əvvəlki tarixlə müqayisədə bir ton buğdanın ixrac rüsumu 15 % artırılaraq 4 min 269,9 rubl, arpanın ixrac rüsumu 95,7 % artırılaraq 860,3 rubl, qarğıdalının ixrac rüsumu isə 14,7 % artırılaraq 2 min 495,3 rubl olub.
Rusiyadakı dəyişiklik Azərbaycanda buğda, arpa, qarğıdalı və onlardan hazırlanan məhsulların qiymətinə necə təsir edəcək?
Naxçıvanın sabiq kənd təsərrüfatı naziri, aqrar sahə üzrə ekspert Rəcəb Orucov “Report”a açıqlamasında deyib ki, Azərbaycanda taxıl məhsullarının qiyməti qismən artacaq:
“Bu, ciddi təsir olmayacaq. Rusiyadan Azərbaycana həm hazır un məmulatları, həm də yem qatqıları daxil olur. Odur ki, istehlak bazarımıza təsir göstərə biləcək kifayət qədər əsas xammal ehtiyatlarımız var. Bu il dəmyə ərazilərdə, xüsusən Şəki, Aran Qarabağda taxıl məhsullarının istehsalında problemlər oldu. O da quraqlıqlarla bağlı idi. Azərbaycanda arpa məhsullarının istehsalı əsasən bu bölgələrin payına düşür. Arpa məhsullarının 1 kiloqramının bugünkü pərakəndə satış qiyməti 0,4-0,42 manat təşkil edir. Ancaq intensiv heyvandarlıqda da bu gün yem tələbatının azalması müşahidə edilir. Bu da bir çox yeni müasir intensiv heyvandarlıq komplekslərinin tam gücü ilə işləməməsi, bəzi yerlərdə istehsal prosesinin dayandırılması ilə əlaqədardır”.
İqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent, iqtisadçı ekspert Xaliq Məmmədov qeyd edib ki, Rusiya taxıl məhsulları üzrə ixrac rüsumlarının artım tendensiyasını davam etsə, bu, bizim bazara da təsir edə bilər.
Qiymət artımı istehsalçılarımız üçün faydalıdır
X. Məmmədov qeyd edir ki, bu il qiymətlərin aşağı olduğu üçün istehsalçılarımız çox çətin vəziyyətə düşüb: "Dünyada logistika prosesi pozulub, yanacaq-sürtgü materiallarının, gübrələrin, toxumların qiyməti kəskin artıb. Bu, Azərbaycanda həm təchizatçıları, həm də istehsalçıları çətin vəziyyətə salıb. Məhsulun maya dəyəri əhəmiyyətli dərəcədə yüksəlib və idxal malları ilə müqayisədə baha olduğu üçün yerli istehsalçılar rəqabət apara bilmir. Rusiyada ixrac rüsumlarının artırılmasından sonra Azərbaycanda da buğda, arpa və qarğıdalının idxal qiymətinin qalxması gözlənilir. Bu artım bizim istehsalçılara müsbət təsir edə bilər".
Un və un məmulatları bahalaşmayacaq
Onun sözlərinə görə, Azərbaycanda arpanın qiymətində artım var, amma buğda və qarğıdalının qiymətində yoxdur.
"Ola bilər Rusiya hökumətinin yeni qərarı yaxın zamanlarda onların da qiymətinə təsir etsin. Bu dəyişikliyin ölkəmizdə un və un məmulatlarının qiymətinə təsir edəcəyini düşünmürəm. Çünki daxili bazarda kifayət qədər xammal ehtiyatımız var. Rusiya ixrac rüsumlarını tez-tez azaldır və ya artırır. Bu qərar da müəyyən bir dövr üçündür. Onun ölkəmizdəki qiymətlərə təsirinin uzunmüddətli olacağını hesab etmirəm".