Tümen. 25 may. REPORT.AZ/ "Tümen vilayəti aqrar-sənaye kompleksi sahəsində Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır".
"Report" xəbər verir ki, bunu Tümen vilayətinin qubernatoru Vladimir Yakuşev "Tümen vilayəti: reallıqlar, potensial və inkişaf" press-turu çərçivəsində regiona səfər edən azərbaycanlı jurnalistlərlə görüşündə bildirib.
O əlavə edib ki, Tümen vilayətinin nümayəndə heyətinin ötən ilin sonlarında Bakıya baş tutan səfəri zamanı Azərbaycan tərəfinə regionda tərəvəz paylama mərkəzinin yaradılmasına sərmayə qoymaq təklif edilib və belə mərkəzin Azərbaycan məhsullarının müxtəlif yerlərə, o cümlədən Rusiyanın şərqinə çatdırılmasına imkan verəcəyi bildirilib.
Qubernatorun sözlərinə görə, tərəflər Azərbaycan mallarının Tümen vilayəti vasitəsilə ən uyğun sxemlə Xanti-Mansi və Yamalo-Nenets Muxtar Dairələrinə çatdırılmasını müzakirə ediblər: "Hesab edirəm ki, bu layihə işləməyə layiqdir, çünki hər iki tərəf onun fəaliyyət göstərməsində maraqlıdır. Azərbaycanın bu sahədəki potensialını və Tümen vilayəti ilə Xanti-Mansi Muxtar Dairəsinin tələbini nəzərə alsaq, Tümen şərq ərazilərimizə açılan pəncərə rolunu oynaya bilər. Odur ki, bu layihənin real olduğunu düşünürəm".
Vilayət başçısı həmçinin hər iki regionda aqrar-sənaye kompleksinin (ASK) fəal inkişaf etdiyi, ancaq iqlim və coğrafi mövqedən asılı olaraq, istehsalın fərqləndiyini qeyd edib. O bildirib ki, Azərbaycan tərəfinə eyni zamanda istirahət sahəsində, xüsusilə SPA-hotellərin tikintisində bir sıra təkliflər irəli sürülüb.