Qarabağın nadir üzüm sortlarından olan Qara lkeni Azərbaycanın ən qiymətli qara giləli texniki üzüm sortudur və yenidən çoxaldılır.
Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Bildirilir ki, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda (ÜŞETİ) milli brendlərin istehsalı və ixrac potensialının yüksəldilməsi məqsədilə itmək təhlükəsi olan yerli üzüm sortları sürətli üsullarla artırılır. İstehsalçıların keyfiyyətli əkin materialları ilə təmin edilməsi üçün yerli üzüm sortları aşkarlanıb toplanır.
ÜŞETİ yerli üzüm sortlarının genetik müxtəlifliyini müasir üsullarla öyrənmək üçün Almaniyanın Geilweilerhof Üzümçülük İnstitutu ilə elmi əməkdaşlıq barədə müqavilə imzalayıb. Müqaviləyə əsasən 28 aprel 2022-ci il tarixdə Qara lkeni üzüm sortunun çubuqları molekulyar-genetik, ampelo və fenotipik deskriptorlarla analiz olunması üçün Almaniyanın Geilweilerhof Üzümçülük İnstitutuna göndərilib. Analizlərin nəticələrinə əsasən sortun genetik cəhətdən təmiz profil olduğu təsdiqlənib. Azərbaycanın qiymətli yerli üzüm sortlarının Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının (OIV) müasir protokol və üsullarına görə öyrənilib rəqəmsal təsvir edilməsi, üzüm sortlarının təyinedici əsas morfogenetik əlamətlərinin ayrı-ayrılıqda hər bir sort üçün tərtib olunması və Beynəlxalq Sort Kataloquna (VİVC) yerləşdirməsi onların milli sortlarımız olduğunu sübut etməyə imkan verir. Yerli üzüm sortlarının rəqəmsal təsvir edilməsində yaşıl zoğ, cavan yarpaq, formalaşmış yarpaq, salxım, gilə və toxumların əsas diaqnostik əlamətləri, məhsullarının enokarpoloji və enokimyəvi göstəriciləri mühim rol oynayır.
Qara lkeninin tənəklərinə Gəncə, Göygöl rayonlarında, Qarabağ ərazisində (xüsusən Füzuli rayonunda) köhnə üzüm bağlarında, xiyabanlarda rast gəlinir. Sort keçmiş Ümumittifaq Üzümçülük və Şərabçılıq “Maqaraç” Elmi-Tədqiqat İnstitutunun Mərkəzi Asiya filialında geniş tədqiq olunmuş, keyfiyyətli desert şərabların hazırlanması üçün geniş istehsalata tövsiyə olunub. Qara lkeni Özbəkistan Respublikasının sort standartlarına daxil edilib. Sort hazırda Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat institutunun Abşeron kolleksiya bağında əkilib becərilir.