Prezident
"Report" xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı sərəncama əsasən, aqrar sahədə tətbiq edilən dəstək tədbirləri ilə bağlı yeni mexanizmin formalaşdırılması, bu sahədə hesabatlılığın, şəffaflığın və büdcə vəsaitlərindən səmərəli istifadənin təmin edilməsi, müraciətlərin sadələşdirilməsi və elektronlaşdırılması məqsədilə pambıq istehsalçılarına ölkə prezidentinin 27 iyun 2019-cu tarixli fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq subsidiya veriləcək.
Bundan başqa, ölkədə tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi və tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifahının daha da yaxşılaşdırılması məqsədilə tütün emalı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslər də sözügedən qaydaya uyğun olaraq subsidiya alacaqlar.