Aqrar sahədə sahibkarlıq fəaliyyətinin genişlənməsi bu sahədə vahid sahibkarlıq ekosisteminin yaradılmasını da zəruri edir ki, bu da klasterləşmə ilə bağlı təbliğat işlərin sürətləndirilməsini və müvafiq tədbirlərin görülməsini tələb edir.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən II Aqrobiznes Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, klasterlərin yaradılmasında məqsəd onun iştirakçıları arasında yeni texnologiyaların əlçatanlığının təmin edilməsi, risklərin asan bölüşdürülməsi, xarici bazara birgə çıxış, elmi biliklərdən və əsas vəsaitlərdən kollektiv istifadə etmək kimi qarşılıqlı fəaliyyətləri möhkəmləndirməkdən ibarətdir:
"Bu, ixracın həm əmtəə tərkibinin, həm də coğrafiyasının şaxələnməsinə geniş imkanlar açır. Azərbaycan Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə” şübhəsiz ki, bu istiqamətdə həyata keçiriləcək işlərə təkan verəcək. Ümid edirəm ki, klasterləşməyə dair digər mövcud güzəşt və imtiyazlar da bu istiqamətdə ekosistemin qurulmasını sürətləndirəcəkdir".
O.Məmmədov hesab edir ki, aqrobiznes sahəsinin və ümumilikdə KOB sektorunun inkişafında keçid mərhələsinin şərtləndirilməsində 2022-ci ilin dekabrın 2-də imzalanan “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Qanun mühüm rol oynayacaq: "Belə ki, qanunda mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi, onların maraqlarının qorunması və problemlərinin həlli, həmçinin dövlət orqanlarının və özəl qurumların KOB subyektlərinə göstərdikləri xidmətlərin əlaqələndirilməsi məqsədilə dəqiq istiqamətlər müəyyən edilib".