Nazir: "Ağıllı kənd” mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla salınır”

Nazir: "Ağıllı kənd” mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla salınır” “Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışın ilk məntəqəsi olan “Ağıllı kənd” mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla salınır”.
ASK
21 Noyabr , 2022 11:23
Nazir: Ağıllı kənd” mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla salınır”

“Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışın ilk məntəqəsi olan “Ağıllı kənd” mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla salınır”.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər” mövzusunda beynəlxalq konfransda kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

“Dünyada gedən sürətli urbanizasiya prosesi şəhərlərin inkişaf tempini artırır və yeni texnologiyaların inkişafına təkan verir. Rəqəmsal xidmətlərin nə qədər həyati önəm daşıdığını COVID-19 pandemiyası qlobal səviyyədə gündəmə gətirdi. Rəqəmsallaşmanın xüsusilə təhsil və səhiyyə sahəsində dayanıqlığın təmin olunmasında rolu üzə çıxdı. Bu səbəbdən bütün dünyada ictimai xidmətlərlərin keyfiyyətinin artırılması modellərinə maraq çoxalıb. Kənd yerlərində dayanıqlı inkişafın təmin edilməsi üçün əsas təşviq olunan konsepsiyalardan biri “Ağıllı kənd”lərin yaradılmasıdır", - o bildirib.

Nazirin sözlərinə görə, Prezident İlham Əliyevin noyabrın 16-da təsdiq etdiyi “İşğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda kompleks bərpa-quruculuq işləri, hədəflənən məqsədlər öz əksini tapıb: “Proqramın hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, strateji inkişaf strategiyaları, azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. “Ağıllı kənd” ideyası məhz bu yanaşmalar fonunda meydana çıxıb və konsepsiya artıq təcrübədə həyata keçirilməkdədir. İşğaldan azad edilmiş torpaqlara Böyük Qayıdış - daha keyfiyyətli həyata qayıdışdır. Əsas hədəf 30 il öncə yurdlarını tərk etməyə məcbur qalan soydaşlarımızın yüksək şəraitli müasir kənd və şəhərlərə qayıdışını təmin etməkdir. Bu mənada Zəngilanda inşa olunan “Ağıllı kənd” MDB məkanında ilkdir, eyni zamanda dünyada mövcud olan digər ağıllı kəndlərdən fərqlənir. Rəqəmsallaşma, alternativ enerjidən istifadə, ictimai xidmətlərin elektronlaşması, ətraf mühitin mühafizəsi, tullantıların idarə olunması “Ağıllı kənd”də kompleks şəkildə tətbiq olunmaqdadır. Buna görə Ağalıda inşa olunan “Ağıllı kənd” dünyada Azərbaycan modeli kimi qiymətləndirilə bilər. Bu yanaşma “Ağıllı kənd”lə tanış olan beynəlxalq təşkilatların nümayəndələri tərəfindən dəfələrlə vurğulanıb, etiraf olunub, nüfuzlu beynəlxalq tribunalardan səsləndirilib".

İ.Kərimov qeyd edib ki, “Ağıllı kənd” modellərinə bütün dünyada böyük maraq var: "Çünki kənd əhalisinin istək və ehtiyaclarının yerlərdə qarşılanması şəhərlərə axını azaldan başlıca faktordur. Qabaqcıl dünya ölkələri artan urbanizasiyanın yol açacağı ekoloji, demoqrafik və digər çətinliklərin qarşısını almağa çalışır. Bu məqsədlə iqtisadi inkişaf və ətraf mühit arasında tarazlığı qoruyan yeni texnologiyalar, inkişaf modelləri tətbiq edilməkdədir. Bu texnologiyalar müxtəlif ağıllı sistemlərin tətbiqi ilə insanların ehtiyac duyduğu xidmətlərlə təmin olunmasına əsaslanır. Məsələn, Zəngilanda salınmış “Ağıllı kənd”də enerji tələbatı alternativ resurslar vasitəsilə qarşılanır, yaşıl enerji zonalarının yaradılması sağlam ekoloji və ətraf mühit formalaşdırır. Yaxşı idarəetmə əsasında ictimai xidmətlərin səmərəliliyi, təhlükəsizliyi təmin olunur. “Ağıllı kənd”də bərpa olunan enerji mənbələrinin tətbiqi, ekoloji təmiz tullantı mexanizmi, su mənbələrindən qənaətcil istifadə ətraf mühitə vurulan ziyanı minimuma endirir, torpaq və su resurslarından daha səmərəli yararlanmağa şərait yaradır".

Xatırladaq ki, tədbirdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, müxtəlif dövlət orqanlarının, səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Konfrans öz işini panel sessiyalarda davam etdirib. Sessiyalarda “Xidmətlərinin rəqəmsallaşdırılması və dayanıqlı həyat tərzi”, “Yaşıl enerjiyə keçid”, “Azərbaycanda “Ağıllı kənd” konsepsiyasının tətbiqi”, “Kənd yerlərində tətbiq olunacaq ağıllı həllərin tətbiqi və dayanıqlılığın təmin edilməsində özəl sektorun rolu” mövzusunda müzakirələr və təqdimatlar keçirilib.

Son xəbərlər

Orphus sistemi