Məcnun Məmmədov: "Rəqəmsal transformasiyanın yeni mərhələsinə keçirik"

ASK
  • 08 sentyabr, 2026
  • 12:30
Məcnun Məmmədov: Rəqəmsal transformasiyanın yeni mərhələsinə keçirik

Azərbaycan kənd təsərrüfatında rəqəmsal transformasiyanın yeni mərhələsinə keçir.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın 2-ci günündə bildirib.

Onun sözlərinə görə, Azərbaycan üçün rəqəmsal transformasiya yeni məsələ deyil: "Uzun illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dövlət idarəçiliyinin və dövlət xidmətlərinin rəqəmsallaşdırılmasına ardıcıl olaraq sərmayə qoyub, müasir rəqəmsal dövlət üçün güclü institusional və texnoloji baza yaradıb. Bu gün biz bu transformasiyanın yeni mərhələsinə qədəm qoyuruq. Bu mərhələdə süni intellekt və məlumatlara əsaslanan həllər dövlət xidmətlərinin keyfiyyətinin daha da artırılmasına, daha əsaslandırılmış və effektiv qərarların qəbul edilməsinə dəstək verə bilər.

Bu baxış "Süni İntellekt Strategiyası"nda öz əksini tapıb və süni intellektin inkişafını, eləcə də onun məsuliyyətli tətbiqini sürətləndirmək üçün milli çərçivə təmin edir. Kənd təsərrüfatı bu transformasiyanın vacib hissəsidir. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (E-Agro) vasitəsilə biz artıq aqrar xidmətlər və dövlət dəstəyi üçün güclü rəqəmsal baza formalaşdırmışıq. Bu gün isə növbəti addımı atırıq: proseslərin rəqəmsallaşdırılmasından kənd təsərrüfatı məlumatlarından intellektual istifadəyə doğru irəliləyirik", - deyə o qeyd edib.

Nazir onu da deyib ki, aqrar sektorda süni intellektlə risklər əvvəlcədən proqnozlaşdırılacaq: "Aqrar Süni İntellekt Təşəbbüsümüz hazırda kənd təsərrüfatı sektoru üzrə 30-dan çox potensial süni intellekt istifadə ssenarisini əhatə edir. Bunlara bitki sağlamlığının monitorinqi, məhsuldarlığın proqnozlaşdırılması, suvarmanın idarə olunması, torpaqların xəritələşdirilməsi, əkinlərin doğrulanması, fermerlərin qiymətləndirilməsi (skorinq), həmçinin otlaq və sürü idarəetməsi daxildir. Xüsusilə vacib məqam bu həllərin arxasında dayanan məlumatların müxtəlifliyidir. Daha dəqiq və vaxtında aqrar qərarların qəbulunu dəstəkləmək üçün peyklərdən və məsafədən zondlamadan, dronlardan, iqlim stansiyalarından, sahə müşahidələrindən, torpaq analizlərindən, sensorlardan və kənd təsərrüfatı texnikasından əldə olunan məlumatları bir araya gətiririk".

"Məsələn, bitki sağlamlığına dair həllərimiz xəstəlik və zərərverici riskləri barədə 72 saat əvvəlcədən erkən xəbərdarlıq təmin etmək üçün nəzərdə tutulub. Suvarmanın idarə edilməsində süni intellekt dəstəkli həllər suya olan tələbatı və suvarma fəaliyyətlərini real vaxt rejimində qiymətləndirməyə kömək edərək, ən dəyərli təbii ehtiyatlarımızdan birinin daha səmərəli istifadəsinə töhfə verə bilər. İqlim məlumatları üzrə infrastrukturumuz da genişlənir. Hazırda hava proqnozu üçün məlumat təmin edəcək 180-dən çox stansiyanın quraşdırılması həyata keçirilir. Bu nümunələr mühüm bir keçidi nümayiş etdirir: kənd təsərrüfatı riskləri baş verdikdən sonra onlara reaksiya verməkdən, riskləri əvvəlcədən görməyə və daha tez hərəkətə keçməyə doğru", - deyə o vurğulayıb.