Azərbaycanda quraqlıq sığortasının tətbiqi üçün hələ ki yetərincə data yoxdur.
Bunu "Report"a müsahibəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.
"Dövlət-özəl tərəfdaşlığı mexanizmi ilə artıq bir neçə ildir ki, fəaliyyət göstərən aqrar sığorta sistemi mövcuddur. Hazırda sığortalanan bitkilərin sayı 41 növə çatdırılmış, südlük istiqamətli iribuynuzlu mal-qara ilə yanaşı, xırdabuynuzlu heyvanlar və ətlik istiqamətli iribuynuzlu mal-qaranın da sığortalanması həyata keçirilir.
Bununla belə, aqrar sığorta göstəriciləri hələ ki, ilkin mərhələnin nəticələri ilə xarakterizə olunur. Məsələn, 2023-cü ildə 46,5 min müqavilə imzalanıb ki, bu da 429 min ha əkin sahəsini və 7901 baş heyvanı əhatə edib. Ancaq burda belə bir müsbət məqam var ki, ümumiləşdirilmiş göstərici kimi yığılmış sığorta haqları ötən illərlə müqayisədə hər il artım dinamikası sərgiləyir, bu da öz növbəsində fermer və sahibkarların sığorta xidmətlərindən faydalandığını göstərir", - deyə o qeyd edib.
"Hazırda sığorta predmetinin və sığorta risklərinin sayının artırılması hesabına aqrar sahənin sığorta xidmətləri ilə təminatının genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Quraqlıq sığortasının tətbiqi üçün hələ ki yetərincə data yoxdur. Bu səbəbdən hər hansı ərazidə riskin baş vermə ehtimalı, əhatə dairəsi və vura biləcəyi zərər hesablana bilinmir. Belə şəraitdə bu növ sığortanın tətbiqi sığorta qurumunu sığorta öhdəliyini qarşılaya bilməmə riski ilə qarşı-qarşıya qoyur və sığorta qurumunun iflasına səbəb ola bilər. Belə halda digər sığortaedənlər də itirmiş olacaq. Bu səbəbdən quraqlıq sığortası zamanla etibarlı və ölçüləbilən data toplandıqca tətbiq edilə bilər", - deyə nazir əlavə edib.
M.Məmmədovla müsahibəni buradan oxuya bilərsiniz.