Məcnun Məmmədov: "Azərbaycanın qida təhlükəsizliyi sisteminə beynəlxalq səviyyədə etibar artıb"

Məcnun Məmmədov: "Azərbaycanın qida təhlükəsizliyi sisteminə beynəlxalq səviyyədə etibar artıb" Azərbaycanda görülən işlər sayəsində ölkənin qida təhlükəsizliyi sisteminə beynəlxalq səviyyədə etibar artıb.
ASK
5 Aprel , 2024 10:39
Məcnun Məmmədov: Azərbaycanın qida təhlükəsizliyi sisteminə beynəlxalq səviyyədə etibar artıb

Azərbaycanda görülən işlər sayəsində ölkənin qida təhlükəsizliyi sisteminə beynəlxalq səviyyədə etibar artıb.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən “Azərbaycanda qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” konsepsiyası üzrə yekun tədbirə bildirib.

"Bu il yaranmasının 6 illiyini qeyd edən Qida Təhlükəsizliyi Agentliyi Prezident İlham Əliyevin qida təhlükəsizliyi sahəsində imzaladığı fərman və sərəncamlarla öz işini qurması sayəsində uğurlara nail olub. Buna bariz nümunə kimi “Qida təhlükəsizliyi haqqında" qanunu göstərə bilərik. Bu Qanundan irəli gələn tələblər üzrə bir sıra normativ hüquqi aktların yaradılması, bir sıra qanunların müasir dövrün tələblərinə, beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində çoxlu işlər görülüb. “Tarladan süfrəyə”, “Qida məhsulları istehsalında və emalında soyuq zəncir prinsipi”, “Qida təhlükəsizliyinə risk əsaslı dövlət nəzarəti sisteminin formalaşdırılması”, “heyvanların izlənməsi üçün identifikləşdirilməsi” terminləri artıq qida məhsulları istehsalı və emalı sahəsində fəaliyyət göstərən hər kəsə tanışdır. Kənd təsərrüfatı sahəsində cənab Prezident bir sıra fərmanlar və sərəncamlar imzalayıb. Heyvandarlıq və bitkiçilik sahəsində sahibkarlara dəstək məqsədi ilə subsidiyaların verilməsi kənd təsərrüfatı sahələrinin inkişafına böyük təkan verib. Həmçinin baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi üçün özəl baytarlıq xidmətinə keçid təmin edilib", - deyə o qeyd edib.

"Kənd Təsərrüfatı Nazirliyi ərzaq təhlükəsizliyi sahəsinə öz töhfələrini verməkdə davam edərək, “dəyər zənciri” prinsipini tətbiq etməklə insan qidası üçün tam təhlükəsiz ərzaq məhsullarının “tarladan süfrəyə” çatdırılması işində bilavasitə iştirak edir. Bitki və heyvan sağlamlığı Nazirliyin daim diqqət mərkəzindədir. Qida zəncirinin ilk həlqələrində məhsuldar heyvanların sağlamlığına töhfə verən yüksək keyfiyyətli heyvan mənşəli qida məhsullarını əldə etmək üçün bütün preventiv diaqnostik, profilaktik, baytarlıq-sanitariya tədbirlər görülür. Bitkilər üçün xüsusi təhlükə törədən zərərli orqanizmlərin məhv edilməsi, o cümlədən profilaktika işləri mütəmadi olaraq icra edilir. Qida təhlükəsizliyi sahəsində sürətli məlumat mübadiləsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi daimi təkmilləşdirilir və Azərbaycan Qida Təhlükəsizliyi İnformasiya sisteminə inteqrasiyası işləri aparılır. Sahibkarları yüksək keyfiyyətli, təhlükəsiz ərzaq istehsal etməyə təşviq etmək və qida təhlükəsizliyi sahəsində qəbul edilmiş normativ hüquqi aktlar barədə onları maarifləndirmək sahəsində Qida Təhlükəsizliyi Agentliyi ilə geniş əməkdaşlıq mövcuddur. İnanırıq ki, qida nəzarəti sistemini daha da təkmilləşdirmək üçün mövcud ehtiyacları müəyyənləşdirmək və bu sistemin davamlı inkişafını təmin etmək məqsədilə reallaşdırılan bu layihə ölkəmizdə qida nəzarəti sisteminin daha da təkmilləşdirilməsinə öz töhfəsini verəcək", - deyə nazir əlavə edib.

Son xəbərlər

Orphus sistemi