Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Ağdam, Ağstafa, Bərdə, Gədəbəy, Qazax, Neftçala, Masallı, Oğuz, Sabirabad, Ucar və digər rayonlardan, eləcədə Bakı, Gəncə və Sumqayıt şəhərlərindən olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
"Report" nazirliyə istinadən xəbər verir ki, qəbulda vətəndaşların müraciətləri əsasən icarəyə texnika ayrılması, dəymiş zərərin ödənilməsi, heyvandarlıq təsərrüfatının işğaldan azad edilmiş ərazilərə köçürülməsi, təsərrüfat suyu ilə təminat və digər məsələlərlə bağlı olub.
Məlumata görə, nazir hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Ağstafa DAİM-in binasında Aqrar Xidmətlər Agentliyinin Səyyar Xidmət Qrupu mexanizatorlar üçün səyyar xidmət təşkil edib. Xidmət zamanı etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün mexanizatorların sürücülük vəsiqələri yeniləri ilə əvəz edilib.