Masallıdakı tərəvəz sahələrində xəstəlik yayılıb

Masallıdakı tərəvəz sahələrində xəstəlik yayılıb Sahələrə baxış keçirilib
ASK
8 İyul , 2017 14:25
Masallıdakı tərəvəz sahələrində xəstəlik yayılıb
Report.az

Bakı. 8 iyul. REPORT.AZ/ Masallı rayonundakı tərəvəz sahələrində xəstəlik yayılıb. 

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, bu, sahələrə ziyanverici həşəratların daraşmasından sonra olub. 

Son nəticədə sahibkarlara ciddi ziyan dəyib. Rayonun üç kəndində - Qızılağac, Kalinovka və Öncəqala kəndlərində vəziyyət daha ciddidir. Pomidor əkilmiş 20 hektarlıq sahədə bütün məhsul zay olub. Bununla da, təsərrüfat sahiblərinin hər hektara xərclədikləri 2 min manat pul batıb. 

Fermerlərin sözlərinə görə, əkdikləri pomidorun toxumu İrandan gətirilən "Fanat-Bolqar" növündədir. Bu toxumdan əldə olunan məhsul daşınmaya daha davamlı olduğu üçün Rusiyaya ixrac edilir. Amma bu dəfə qonşu ölkəyə pomidor satmaq mümkün olmayacaq, çünki məhsul yetişdən kimi xəstəliyə tutulub. Aparılan dərmanlama işləri isə heç bir nəticə vermir.

Kənd təsərrüfatı üzrə mütəxəssis Həzər Hüseynov yayılan xəstəliyə görə təsərrüfat sahiblərinin günahkar olduğu qənaətindədir. Onun sözlərinə görə,  bu xəstəliyin ilkin əlamətləri mayda və iyun ayının əvvəlində sahələrin ətrafında kəpənəklərlə müşahidə olunur. Bu zaman sahələr düzgün qaydada dərmanlanmalı idi. İndi isə ziyanvericilərin yayılmasının üçüncü mərhələsidir. Artıq sovkalar yumurtadan qurd halına keçib. Bu da məhsulu sıradan çıxarıb. Bununla belə, sahibkarlar lazımi pereparatları düzgün şəkildə tətbiq edərsə, bitkidə ikinci çiçəkləmədən sonra məhsul götürmək olar ki, bu da dəyən ziyanı müəyyən qədər aradan qaldırar.

Məsələ ilə bağlı Masallı Rayon Kənd Təsərrüfatı İdarəsindən "Report"a bildirilib ki, yayılan xəstəliklə əlaqədar Bitki Mühafizəsi İdarəsinin mütəxəssisləri ilə birlikdə sahələrə baxış keçirilib. Ziyanverici həşəratların nümunələri götürülərək labaratoriyaya göndərilib. Bu həşəratların növü aydınlaşdırılaraq ona qarşı hansı dərman pereparatlarının effektli olacağı müəyyənləşdiriləcək. 

Son xəbərlər

Orphus sistemi