Masallıda fermerlərə səyyar xidmət göstərilməsinə başlanılıb

Masallıda fermerlərə səyyar xidmət göstərilməsinə başlanılıb Masallıda fermerlərə səyyar xidmət göstərilməsinə başlanılıb.
ASK
10 Oktyabr , 2020 15:19
Masallıda fermerlərə səyyar xidmət göstərilməsinə başlanılıb

Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə fermerlərə səyyar xidmətləri davam etdirir.

"Report" xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, səyyar xidmət mikroavtobusları növbə sistemi, müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, surətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib.

Bu gün fermerlərə növbəti aqrar səyyar xidmət Masallı rayonunun Xıl kəndində təşkil olunub. Xidmət zamanı Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş, torpaq məlumatlarını və payızlıq əkinləri bəyan etmiş fermerlərə "Fermer kartı" verilib. Bundan başqa, xidmət əməkdaşları fermerlərə payızlıq əkinlərin bəyanı ilə bağlı məlumatları EKTİS-ə daxil etməkdə texniki köməklik ediblər. Xıl kəndində EKTİS-də qeydiyyatdan keçmiş 200-dək fermerə səyyar aqrar xidmət göstərilib. Səyyar xidmət göstərən qrupa İT mütəxəssisləri, Aqrar İnkişaf Könüllüləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) əməkdaşları daxildir.

Fermerlərin diqqətinə çatdırılıb ki, 2020-ci ildən başlayaraq Azərbaycanda aqrar subsidiyalar EKTİS üzərindən verilir. Sistemdə qeydiyyatdan keçmiş fermerlər öz şəxsi kabinetlərinə daxil olaraq əkin məlumatlarını bəyan etməlidir. Dövlət tərəfindən fermerlərə veriləcək subsidiyanın miqdarı əkilmiş məhsulun növündən asılı olaraq dəyişir. Bu səbəbdən əkinlərin bəyan edilməsi EKTİS-in tətbiqində mühüm mərhələ sayılır. Səyyar xidmətdən yararlanmaq istəyən fermerlərin təkcə şəxsiyyət vəsiqəsi ilə müraciət etməsi kifayətdir.

Növbəti günlərdə qrafik üzrə Masallı rayonunun digər kəndlərində də fermerlərə səyyar aqrar xidmət göstərəcək.

Səyyar xidmət bölgələr üzrə qrafik əsasında təşkil olunur və xidmətin təşkili barədə Dövlət Aqrar İnkişaf Mərkəzləri fermerlərə əvvəlcədən məlumat verir. Hazırda Xaçmaz və Masallı rayonlarında vasitəsilə fermerlərə səyyar xidmətlərin göstərilməsi davam edir. Növbəti həftədən başlayaraq Şəmkir və Şəkidə, daha sonra digər rayonlarda analoji xidmətlərin göstərilməsinə start veriləcək. 

Son xəbərlər

Orphus sistemi