​Kənd Təsərrüfatı Nazirliyi: Bu il taxıl istehsalında məhsuldarlıq artıb

​Kənd Təsərrüfatı Nazirliyi: Bu il taxıl istehsalında məhsuldarlıq artıb Ölkədə ümumi əkin sahəsinin 61%-i biçilib
ASK
30 İyun , 2015 14:05
​Kənd Təsərrüfatı Nazirliyi: Bu il taxıl istehsalında məhsuldarlıq artıb

Bakı. 30 iyun. REPORT.AZ/ Bu il Azərbaycanda biçiləcək 904 min hektar sahənin artıq 550 min hektardan (61%) çox hissəsi, yəni artıq ümumi əkin sahəsinin 61%-i biçilib. Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib.

Onun sözlərinə görə, ölkə üzrə 1,5 mln. ton taxıl istehsal olunub: "Orta məhsuldarlıq 1 hektar üzrə 28,1 sentner təşkil edir, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 sentner artıqdır".

M.Hacıyev deyib ki, iyunun əvvəlində arpa biçini başlayıb və artıq yekunlaşmaq üzrədir. Buğda biçini isə bölgələrdə intensiv şəkildə həyata keçirilir.

Ümumiyyətlə, bu il Azərbaycanda taxıl sahələrində vəziyyətin ürəkaçan olduğunu qeyd edən M.Hacıyev bildirib ki, həm ümumi məhsul istehsalı, həm də məhsuldarlıq artıb. Bölgələrdə mütəmadi olaraq əlaqə saxlanılır: "Elə fermerlər var ki, sahələrində 4, hətta 6 tona qədər məhsul götürüb. İqlim şəraiti də əlverişli olub, istehsalın artmasına təsir edən amillərdən biri də dövlətin fermerlərə göstərdiyi dəstək olub".

Qeyd edək ki, bu ildən fermerlərin yanacaq və mühərrik yağlarına görə dövlət hesabına aldıqları yardımın həcmi, yəni subsidiya 40 manatdan 50 manata qədər artırılıb. Bundan başqa, təkrar əkin aparan fermerlər əlavə olaraq 50 manat subsidiya əldə edəcəklər.

Son xəbərlər

Orphus sistemi