İqlim dəyişikliyinin fermerlərə təsirləri açıqlanıb

ASK
  • 08 sentyabr, 2026
  • 13:05
İqlim dəyişikliyinin fermerlərə təsirləri açıqlanıb

Fermerlər dəyişən iqlim şəraitinə uyğunlaşmalıdır.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müşaviri Surxay Novruzov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın (BCAW 2026) ikinci günündə çıxışı zamanı deyib.

"Gündəlik işimizdə də müşahidə edirik ki, iqlim daha dəyişkən olub. İqlim dəyişikliyi üzrə mütəxəssis olmasam da, bunun qlobal istiləşmə ilə bağlı olduğunu deyə bilmərəm. Lakin yaşadığımız reallıq budur. Son iki ildə meyvə qiymətlərinin çox dəyişkən olduğunu görürük. Bunun səbəblərindən biri tozlanma prosesinin əvvəlki kimi normal getməməsidir. Məsələn, Azərbaycanın bəzi bölgələrində illik normaya görə yağıntının miqdarı 250 mm olduğu halda, bu yaz cəmi 15 dəqiqə ərzində 60 mm yağıntı düşüb. Təcrübədə qarşılaşdığımız mənzərə məhz budur", deyə o bildirib.

Onun sözlərinə görə, 10 il əvvəl universitetdə müəllimlərimizin səsləndirdiyi xəbərdarlıqlar indi gerçəkləşir: "Yağıntı və hava şəraiti qeyri-sabit olacaq, qısamüddətli intensiv yağışlar müşahidə olunacaq, lakin ümumi illik yağıntı miqdarı azalacaq. Nəticə isə budur ki, fermerlərin buna hazır olmadığını görürük. Məhsulun keyfiyyəti aşağı düşür, məhsuldarlıq azalır və bu da onların maliyyə vəziyyətinə mənfi təsir göstərir. Bu proses davam edəcək. Buna görə də biz daha proaktiv və qabaqgörən yanaşma nümayiş etdirməli, fermerlərə bu istiqamətdə yardım etməliyik".

S. Novruzovun fikrincə, müsbət tərəfi odur ki, texnologiya da buna uyğunlaşır: "Söhbət təkcə fermerlərə xəbərdarlıq etməkdən getmir. Bağların üstünün örtülməsi, yeni uyğunlaşdırılmış dərmanların, kimyəvi və ya bioloji vasitələrin tətbiqi ilə fermerlərə istehsal prosesini dəyişkən iqlim şəraitinə uyğunlaşdırmaqda kömək edirik".