Bu gün İmişli rayonunda təməli qoyulmuş pivəlik arpa emalı zavodunda İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC 24 %, "Azərşəkər" MMC və "Azərsun Holdinq" MMC isə hər biri 38 % paya malik olacaq.
"Report" xəbər verir ki, bunu "Azərşəkər”in İdarə Heyətinin sədri Anar Mehdiyev bildirib.
Onun sözlərinə görə, İsveçrə texonologiyası ilə inşa olunacaq zavod Cənubi Qafqazda ilk belə müəssissə olacaq və dünya standartlarına uyğun məhsul istehsal edəcək.
A.Mehdiyev ixracla bağlı məsələyə də toxunub: "Regionda ən böyük istehlakçı Gürcüstandır. Bu ölkənin pivəlik arpa səmənisinə olan illik tələbatı 25 min ton təşkil edir. Biz Gürcüstan bazarını hədəfləmişik. Bununla yanaşı, Mərkəzi Asiya və Yaxın Şərq ölkələrində də böyük bazar var. Zavod fəaliyyətə başlamamış bizə İraq və Əfqanıstan kimi ölkələrdən də müraciətlər var. Zavod fəaliyyətə başlayandan sonra bütün ixrac imkanlarını nəzərdən keçirəcəyik. Amma yerli bazarın tələbatının ödənilməsi əsas prioritetdir. Zavodun fəaliyyətə başlaması ilə yerli pivənin maya dəyərində bəzi optimallaşdırmalar ola bilər".
Təməlqoyma ilə əlaqədar keçirilən tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ölkədə rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının stimullaşdırılmasına, onun xammal bazasının yaxşılaşdırılmasına, idxalı əvəz edən yeni istehsal sahələrinin yaradılmasına və ixrac imkanlarının genişləndirilməsinə dövlət dəstəyinin artırılması tədbirlərindən danışıb.
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin yaradılmasının fermerlərimizin fəaliyyətini dəstəkləyən bir addım kimi qiymətləndirib.
Bu gün İmişli rayonunda yeni müəssisənin - pivəlik arpa emalı zavodunun təməli qoyulub.
"Report" xəbər verir ki, layihənin məqsədi Azərbaycanda pivə istehsalında dəyər zəncirinin yaradılmasıdır.
Yeni müəssisə İmişli Şəkər Zavodunun ərazisində, İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin iştirakı ilə inşa olunacaq. Burada ilkin mərhələdə illik 11 min ton, sonrakı mərhələdə isə 17 min ton pivəlik arpa (malt) emal ediləcək. Zavod Azərbaycanın pivə istehsalçılarının xammala olan tələbatını tam ödəyəcək.
İnvestisiya dəyəri 25 milyon manat olacaq müəssisədə 50 nəfər daimi işlə təmin ediləcək. Zavodun fəaliyyətə başlaması ilə pivəlik arpa üzrə idxalın qarşısı alınacaq və 10 milyon dollardan çox vəsait ölkəmizdə qalacaq.
Zavodda həmçinin 510 tondan artıq yem əlavəsi əldə olunacaq. Layihə çərçivəsində zavodun xammalının saxlanılması üçün 12 min tondan çox tutumu olan silo kompleksi inşa ediləcək, həmçinin Ağcabədi, İmişli və Füzuli rayonlarının 8 000 hektar ərazisində arpa, şəkər çuğunduru və ərzaqlıq buğda üzrə əkin işləri həyata keçiriləcək.