Fuad Sadıqov: "Aqrar sığorta fermerlərin məhsulunu və qazancını qoruyacaq" - MÜSAHİBƏ

Fuad Sadıqov: "Aqrar sığorta fermerlərin məhsulunu və qazancını qoruyacaq" - MÜSAHİBƏ Fuad Sadıqov: "Aqrar sığorta fermerlərin məhsulunu və qazancını qoruyacaq"
ASK
30 İyul , 2020 09:56
Fuad Sadıqov: Aqrar sığorta fermerlərin məhsulunu və qazancını qoruyacaq - MÜSAHİBƏ
Fuad Sadıqov

Yaxın aylarda Azərbaycanda kənd təsərrüfatında çalışanlar üçün mühüm yenilik - aqrar sığorta mexanizminin işə düşməsi gözlənilir. Fermerlər bu sığorta vasitəsilə öz məhsullarını - əkin sahələrini və heyvanlarını sığortalaya biləcəklər.

"Report" xəbər verir ki, ölkədə aqrar sığortanın tətbiqi, onun faydaları və digər məsələlərlə bağlı sualları Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov cavablandırıb.

- Fuad müəllim, Aqrar Sığorta Fondunun yaradılması ilə bağlı işlərə bir neçə ay əvvəl başlanıb. Fondun fəaliyyətə başlaması ilə bağlı vəziyyət nə yerdədir?

- Bildiyiniz kimi, Aqrar Sığorta Fondu bu ilin fevral ayında dövlət qeydiyyatından keçib və artıq fəaliyyətə başlayıb. Fevral ayından indiyədək bu istiqamətdə bir sıra işlər görülüb və demək olar ki, biz artıq bu ildən etibarən fermerlərə sığorta xidmətlərini təqdim etməyə başlayırıq. Fermerlər, kənd təsərrüfatında çalışan təsərrüfat sahibləri artıq bu ildən etibarən aqrar sığorta xidmətlərini əldə edə biləcəklər.

- Aqrar sığortanın fermerlərə hansı faydası olacaq?

- Qısa şəkildə desək, aqrar sığorta fermerlərin və təsərrüfat sahiblərinin məhsullarını və gəlirlərini qoruyacaq. Burada bir məqamı qeyd edim ki, Aqrar Sığorta Fondu kommersiya təşkilatı olmadığından onun işi mənfəət əldə etmək deyil, fermerlərin məhsullarını və qazanclarını qorumaqdır. Bu da imkan verəcək ki, fermerlər bu sahədə uzun müddət və rahat fəaliyyət göstərə bilsinlər.

- Fuad müəllim, aqrar sığortanın iş prinsipini sadə misalla izah edə bilərsinizmi?

- Əlbəttə, tutaq ki, təsərrüfatını sığortalamış fermer 10 hektarlıq sahədə taxıl əkib və mövsümün sonunda 600 sentner məhsul əldə etməyi gözləyir. Tutaq ki, həmin müddət ərzində bu ərazidə hər hansı təbii fəlakət, məsələn subasma, yanğın və ya digər hadisə baş verir və fermer 3 hektar sahədə məhsulunu itirir. Nəticədə bu sahədən artıq gözlənildiyi kimi, 600 sentner deyil, tutaq ki, 420 sentner məhsul əldə ediləcək. Yəni fermer 180 sentner məhsulu itirir. Fondumuzun da məqsədi odur ki, fermerin qarşılaşdığı itkiləri qarşılasın, onun əvəzini fermerə ödəsin. Yəni sözügedən misalda Fond, itirilən 180 sentner taxılın dəyərini bazar qiyməti nəzərə alınmaqla fermerə ödəyəcək.

- Heyvandarlıqda da aqrar sığorta eyni prinsiplə işləyəcək?

- Demək olar ki eyni prinsipdir. Ola bilər hər hansı fermer təsərrüfatında yolucuxu xəstəliklərdən və ya ilan sancmasından bir sıra heyvanlar tələf olsun. Nəticədə fermerin yatırdığı investisiyalar bata bilər. Bu halda da fond həmin itkiləri qarşılamağa hazır olacaq.

- Azərbaycanda indiyədək də özəl şirkətlər tərəfindən aqrar sığorta xidmətləri göstərilib. Aqrar Sığorta Fondunun təklif etdiyi xidmət onlardan nə ilə fərqlənəcək?

- Doğrudan da, indiyədək Azərbaycanda bu xidmət özəl sığorta şirkətləri tərəfindən həyata keçirilirdi. Özəl şirkətlər kommersiya prinsipi ilə işlədiyinə görə, bəzi hallarda zərərli hesab etdikləri bizneslərin sığortalanmasından ümumiyyətlə, imtina edirdilər. Aqrar Sığorta Fondu isə qeyri-kommersiya prinsipi ilə işlədiyinə görə, əsas məqsəd pul qazanmaq deyil, fermerlərin itkilərini qarşılamaqdır.

Digər mühüm məqam ondan ibarətdir ki, Aqrar Sığorta Fondu ilə sığortalanan zaman dövlət aqrar sığorta haqlarına 50% yardım edəcək. Yəni fermer sığorta haqqının yarısını ödəməyəcək, həmin hissəni dövlət ödəyəcək. Məsələn, sığorta haqqı 100 manatdırsa, onun 50 manatını dövlət ödəyəcək, qalan 50 manatını isə fermer hissə-hissə sığorta ili ərzində ödəyəcək. Yəni hətta sığorta haqqının yarı hissəsini ödəmək belə, fermerlər üçün əlavə yük olmayacaq.

- Aqrar sığorta fermerləri hansı risklərdən sığortalayacaq?

- Nəzərinizə çatdırım ki, aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi Nazirlər Kabinetinin 27 dekabr 2019-cu il tarixli qərarı ilə təsdiqlənib. Həmin qərara əsasən, aqrar sığorta fermerləri və təsərrüfat sahiblərini təbii fəlakətlərdən, yəni zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, dolu, eləcə də yanğınlar, bitki xəstəlikləri və zərərvericiləriin təsirindən, yoluxucu xəstəlik və zəhərlənmələrdən, vəhşi heyvanların hücumu nəticəsində ölümdən və üçüncü şəxslərin hərəkətlərindən sığortalayır.

Aqrar sığorta xidməti fermerləri sığorta müqaviləsində göstərilən bütün risklərdən sığortalayacaq. 

- Aqrar sığorta vasitəsilə hansı bitkiləri və heyvanları sığortalamaq mümkün olacaq? 

- Aqrar sığortanın əhatə etdiyi bitki və heyvanların siyahısı da Nazirlər Kabinetinin «Aqrar sığorta predmetinin Tərkibi»nin təsdiq edilməsi haqqında qərarı ilə təsdiqlənib.

Həmin qərara əsasən, bitkiçilik sahəsində buğda, arpa, qarğıdalı, kartof, şəkər uğunduru, portağal, limon, naringi, çay, tütün, çəltik, üzüm, fındıq, pambıq sığorta olunur. Göründüyü kimi aqrar sığorta ilkin mərhələdə bütün əsas bitkiləri əhatə edir, bu bitkilər ölkədəki ümumi əkin sahəsinin 84%-ni təşkil edir. 

Heyvandarlıq sahəsində isə məhsuldarlıq və istehsal göstəricilərinin yüksəldilməsi məqsədilə 1 yaşdan 7 yaşadək südlük inəklər və camışlar aqrar sığortanın əhatə dairəsinə daxildir. Eləcə də, akvakulturanın inkişafını stimullaşdırmaq, balıq məhsulları ilə təminatda yerli istehsalın xüsusi çəkisini artırmaq məqsədilə ilkin mərhələdə balıqların sığortası təmin ediləcək. Qeyd edim ki, aqrar sığorta inkişaf etdikcə, növbəti mərhələlərdə həm sığorta predmetlərinin, həm də sığorta risklərinin siyahısı genişləndiriləcək.

- Aqrar sığorta yalnız məhv olmuş əkinlərin və ya heyvanların dəyərini qarşılayacaq, yoxsa zərərin qarşısını almaq üçün başqa üsullar da tətbiq olunacaq?

- Aqrar sığorta fermerlərin zərərlərini müxtəlif formada qarşılayacaq. Məsələn, hər hansı fermer öz sahəsində əkin işi aparır. Amma erkən inkişaf dövründə, yəni məhsul hələ yetişmədən, burada təbii fəlakət, məsələn, subasma baş verir və ya dolu düşür, əkin məhv olur. Nəticədə fermer gözlədiyi gəlirindən məhrüm olur. Əgər bu fermerin aqrar sığorta müqaviləsi varsa və əkin mövsümü hələ bitməyibsə, fond tərəfindən onun əkin xərcləri qarşılanacaq ki, o öz məhsulunu yenidən əksin və zərərə düşmədən işinə davam  etsin.

- Fermerlər aqrar sığortanı necə əldə edəcəklər, bunun üçün haraya müraciət etmək lazım olacaq?

- Fermerlər və təsərrüfat sahibləri  yaşadıqları və ya fəaliyyət göstərdikləri ərazilərdə Aqrar Sığorta Fondunun üzvü olan sığorta şirkətlərinə müraciət edərək bu xidmətləri əldə edə biləcəklər.

Hazırda Azərbaycanda fəaliyyət göstərən 8 sığorta şirkəti ilə razılıq əldə edilib. Bunlar sığorta bazarının əsas iştirakçıları olan şirkətlərdir, onların rayonlarda və bölgələrdə filial şəbəkələri var. Onlara yaxınlaşıb müraciət etməklə aqrar sığorta əldə etmək mümkün olacaq.

- Aqrar sığortada ödənişin məbləği necə müəyyyən olunacaq?

- Bu məbləğ sığorta müqaviləsi ilə əvvəlcədən bəyan olunacaq. Məsələn, fermerin bir hektar ərazisi var, buradan 50 sentner məhsul gözləyir. Gözlənilən məhsulun dəyəri orta bazar qiyməti nəzərə alınmaqla hesablanacaq. Və həmin məbləğ müqavilədə əks olunacaq. Hadisə də baş verəndə artıq həmin rəqəm ətrafında əməliyyat aparılacaq. 

Eləcə də, məsələn, sığortalanan heyvanın qiyməti 5 min manatdırsa, o həmin qiymətə sığortalanır və hər hansı hadisə baş verərsə, ödəniş edilir.

- Fuad müəllim, aqrar sığorta tarifləri bütün əkin sahələri üçün eyni olacaq, yoxsa əkin sahələrinin növündən və ya yerləşdiyi ərazidən asılı olaraq dəyişəcək?

- Ölkədə əkin ərazilərinin yerləşdiyi coğrafi və iqlim vəziyyətindən asılı olaraq, sığorta tarifləri də dəyişəcək. Yəni, məsələn, dağ və ya dağətəyi rayonlarda dolu riski Aran rayonlarına nisbətən daha yüksək olduğundan, qiymətlər də buna uyğun olaraq fərqlənəcək.

Nəticədə fermerlər əziyyət çəkmədiyi, üzləşmədiyi risklərə görə əlavə xərcə düşməyəcəklər. Digər istiqamətlərdə də eyni yanaşma olacaq.

- Aqrar sığortanı onlayn almaq mümkün olacaqmı, yoxsa hökmən sığorta şirkətinin ofisinə gəlmək lazım olacaq?

- Ötən həftə cənab baş nazir tərəfindən Aqrar Sığorta İnformasiya Sisteminin əsasnaməsi təsdəqləndi. Bu sistemin köməyi ilə aqrar sığorta ilə bağlı bütün bu işlər kağız daşıyıcıları və üzbəüz görüşlərdə deyil, onlayn şəkildə - Aqrar Sığorta İnformasiya Sisteminin üzərindən həyata keçiriləcək.

Elektron Kənd Təsərəfatı Sistemində qeydiyyatdan keçərək əkinlərini bəyan edən fermerlər bizə, yəni Aqrar Sığorta Fonduna onlayn şəkildə, ya da sığorta vasitəçiləri üzərindən müraciət edə bilər. Fond həmin müraciəti qiymətləndirəcək və elektron şəkildə sığorta müqaviləsi bağlanacaq.

Yəni aqrar sığorta müqaviləsi bağlamaq üçün fermerin rayondan Bakıya gəlməsinə ehtiyac qalmayacaq. 

Hadisə baş verəcəyi təqdirdə, sığorta ödənişi zamanı da eyni proses baş verəcək. Fermer sığorta şirkətinə ilkin müraciət edəcək, həmin sənədlər Fonda daxil olacaq, biz həmin sənədləri emal edib, fermerlərə köçürmə yolu ilə ödəniş edəcəyik.

- Aqrar sığortanın işə düşməsi fermerlərə başqa hansı üstünlüklər gətirəcək?

- Aqrar sığorta sisteminin işə düşməsi fermerlərin məhsullarını və qazanclarını qorumaqla yanaşı, ümumilikdə, aqrar sahənin risklərini də azaldacaq. Nəticədə bu sahəyə investisiya və kreditlər cəlb etmək daha da asanlaşacaq.

Fermerlərin himayəsi güclənəcək, onlar daha sabit və etibarlı mühitdə fəaliyyət göstərəcək, istehsallarını inamla genişləndirə biləcəklər. Eləcə də, kənd təsərrüfatında risklər azaldığına görə, fermerlərin maliyyəyə çıxışı, yəni kredit götürmək imkanları artacaq. Bu da son nəticədə aqrar sahənin güclənməsinə və ərzaq təhlükəsizliyinə töhfə verəcək.

Son xəbərlər

Orphus sistemi