Fermerlər subsidiyanı bu halda tez alacaqlar

ASK
  • 08 may, 2020
  • 12:35
Fermerlər subsidiyanı bu halda tez alacaqlar

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi yerli fermerlərin yazlıq əkinlərinə subsidiya almaq üçün etdikləri bəyanlar üzrə monitorinqlərə başlayıb.  

"Report" Nazirliyə istinadən xəbər verir ki, monitorinqlər ölkə Prezidentinin 27 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiqlənmiş subsidiya qaydalarına uyğun olaraq aparılır.

Subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə monitorinqlər bir neçə istiqamətdə keçirilir. Elektron bəyannamə məlumatlarının Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) olan digər məlumatlarla üzləşdirilməsi ilə çarpaz yoxlama, peyk və digər texniki imkanlarla müəyyən edilən görüntülərin elektron bəyannamə məlumatları ilə müqayisəsi və seçmə üsulu ilə əkinlərin aparıldığı ərazilərdə yoxlamalar keçirilməsi ilə yerində müşahidə nəticəsində fermerlərin əkin bəyanlarının doğruluğu qiymətləndiriləcək.

AKİA fermerləri əkin bəyanlarında diqqətli və məsuliyyətli olmağa çağırıb.

“Payızlıq əkinlərində biz bir çox qeyri-düzgün məlumatları fermerlərin təcrübəsizliyi ilə əlaqələndirib güzəştə getdik və məlumatları dəqiqləşdirməklə yeniləmək üçün onlara fürsət verdik. Yaz əkinlərində fermerlərdən daha məsuliyyətli yanaşmağı gözləyirik və düzgün olmayan məlumatlara görə qaydalarda nəzərdə tutulmuş tədbirləri görəcəyimizi istisna etmirik. Nəzərə alınmalıdır ki, bəyanlar nə qədər məsuliyyətli doldurularsa, subsidiya ödəmələri bir o qədər tez veriləcək”, - AKİA sədri Mirzə Əliyev bildirib.

Subsidiya qaydalarına əsasən, bəyan edilmiş əkin sahəsinə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğdən 5%-dən çox olmadıqda əkin subsidiyası monitorinq nəticəsində müəyyən edilmiş sahəyə görə verilir. Fərq 5%-dən çox, 20%-dən az olduqda, veriləcək subsidiyanın məbləği 30% azaldılır. Fərq 20–50% olduqda, cari il ərzində həmin fermerə subsidiya ödənilmir. Bəyan edilmiş məlumatla real məlumat arasında fərq 50%-dən çox olduqda isə cari il və sonrakı il ərzində həmin fermerə subsidiya ödənilmir.

44 filmi