FAO dünya bazarlarında qiymət artımının azaldılması üçün təklif irəli sürüb

FAO dünya bazarlarında qiymət artımının azaldılması üçün təklif irəli sürüb Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Ukraynada müharibənin davam etdiyi müddətdə ərzaq qiymətlərinin artmasına qlobal reaksiya verməyə çağırıb.
ASK
22 Aprel , 2022 14:13
FAO dünya bazarlarında qiymət artımının azaldılması üçün təklif irəli sürüb

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Ukraynada müharibənin davam etdiyi müddətdə ərzaq qiymətlərinin artmasına qlobal reaksiya verməyə çağırıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə FAO-nun məlumatında deyilir.

Bildirilir ki, FAO yoxsul ölkələrin dünyada ərzaq qiymətlərindəki artıma xüsusilə həssas olduğunu bildirib və davamlı, qlobal kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün Qlobal Ərzaq İdxalının Maliyyələşdirilməsi Mexanizmi təşəbbüsünü irəli sürüb.

FAO bildirir ki, Ukrayna müharibəsi 2022-2026-cı illər arasında 13,1 milyondan çox insanı aclığa sürükləyə bilər.

Həmçinin qeyd edilir ki, FAO-nun Baş direktoru Qu Donqyu aprelin 20-də Vaşinqtonda keçirilən Maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin qrupunun görüşünə videomüraciətində bu məsələyə toxunub.

FAO-nun Baş direktoru qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinin qlobal bazarlara və ərzaq təhlükəsizliyinə çoxlu təsiri ola bilər.

O həmçinin əlavə edib ki, Qlobal Ərzaq İdxalının Maliyyələşdirilməsi Mexanizmi BMT sistemindəki mövcud mexanizmləri də tamamlayacaq və ciddi şəkildə təcili ehtiyaclara əsaslanacaq: “Öyrənilən dərs ondan ibarətdir ki, biz davamlı olaraq dünyada kənd təsərrüfatı istehsalını və məhsuldarlığını artırmalıyıq. Dünyada aclığa və qida çatışmazlığına son qoymaq üçün birlikdə işləməyin vaxtıdır”.

FAO bildirib ki, ərzaq qiymətləri artıq təxminən iki il əvvəllə müqayisədə kəskin artmağa başlayıb: “FAO-nun Ərzaq Qiymətləri İndeksi 2022-ci ilin martında ən yüksək səviyyəyə çatıb. Bundan əlavə, gübrə və yanacağın qiymətləri də ərzaq istehsalının maya dəyərinə və ümumilikdə dünyada qiymətlərin artmasına səbəb olub. Bu, beynəlxalq səviyyədə logistik maneələr, yüksək nəqliyyat xərcləri və qlobal təchizat zəncirinin pozulması ilə özünü göstərib”.

Qeyd edilir ki, gələcək dayanıqlığı artırmaq üçün nəzərdə tutulmuş Qlobal Ərzaq İdxalının Maliyyələşdirilməsi Mexanizmi uyğun ölkələrdən davamlı aqrar sahəyə-ərzaq sistemlərinə daha çox sərmayə qoymağı təklif edir.

Son xəbərlər

Orphus sistemi