BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən icra ediləcək “Aqrar Xidmətlər Agentliyinin Struktur İslahatı və Strateji İnkişafına Dəstək” və “Aqrar Xidmətlər Agentliyinin nəzdində Toxum və Aqrokimyəvi Laboratoriyaları və Sertifikasiya Xidmətlərinin Təkmilləşdirilməsi” layihələrinin açılış mərasimi keçirilib.
"Report" xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd aqrar xidmətlərin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən layihələr haqqinda ümumi məlumatların təqdim edilməsi və bu istiqamətdə müzakirələrin aparılmasıdır. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin və Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi, bir sıra dövlət qurumlarının, beynəlxalq təşkilatların, eləcə də FAO-nun yüksək səviyyəli əməkdaşları iştirak ediblər.
Seminar BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Tərəfdaşlıq Proqramı çərçivəsində təşkil olunub.
FAO-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak deyib ki, bu iki layihə Tərəfdaşlıq Proqramının I fazasının son layihələdir" Sonuncu layihələr olsa da, bizim üçün çox önəmlidir. Son 6-7 il ərzində FAO Kənd Təsərrüfatı Nazirliyinin (KTN) dəstəyi ilə müxtəlif sahələrdə bir neçə layihə həyata keçirib və keçirməkdə də davam edir. Ümid edirik ki, bu iki layihə uğurlu tərəfdaşlığın genişləndirilməsinə yeni töhfələr verəcək".
"FAO əlavə dəyər qazandıraraq müvafiq qurumların institusional potensialnın yaradılmasında böyük rol oynayır. Tərəfdaşlıq Proqramının icrası çərçivəsində ən son layihələr Aqrar Xidmətlər Agentliyinin institusional potensialının yenidən qurulmasına yönəlib. KTN mövcud labaratoriyaların texniki bazasının inkişafına ciddi diqqət göstərir. Bir çox labaratoriyaların texniki bazasının inkişafını müşahidə edirik, onlar beynəlxalq standartlara cavab verir. Biz FAO olaraq texniki proqram çərçivəsində 2015-2017-ci illər arasında toxumçuluğun inkişafı layihəsi həyata keçirmişik. Qanuni çərçivənin, laboratoriyaların dizaynının hazırlanması, fermerin yeni toxum növlərinə olan tələbatının analizi kimi vacib işlər həyata keçirilib. Toxumçuluğun emalı sahəsində həllini tapmayan problemlər var ki, bu da ilk növbədə bu sahədə potensialın kifayət qədər inkişaf etməməsi ilə bağlıdır. Seminar zamanı Aqrar Xidmətlər Agentliyinin nəzdindəki toxum, aqro kimyəvi labaratoriyaların işi, sertifikasiya xidmətləri çərçivəsində həyata keçirilən əsas fəaliyyətlərlə bağlı məlumatlar veriləcək", - deyə o, əlavə edib.
Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev isə bildirib ki, rəhbərlik etdiyi qurum fermerlər üçün əlçatandır: "İnananırıq ki, bütün işlər fermerlərin gəlirlərini artıracaq. Artıq laboratoriyalarda fermerlər üçün beynəlxalq standartlara uyğun təlim keçməyə başlamışıq. Layihə bizə imkan verəcək ki, agentliyin bütün işlərini təhlil edək və boşluqları tapaq, onlar üzrə inkişaf istiqamətləri quraq. Bizim bütün dövlət qurumları kimi hüquqi bazamız var və təhlil edilməlidir. Ən vacib məsələ agentliyin kadr potensialını artırmaqdır. Digər vacib istiqamətlərindən biri toxum və aqrokimyəvi labaratoriyalar, İSTA standartlarına uyğun sertifikat alınmasıdır. FAO ilə birlikdə bu istiqamətdə birgə işlər görülüb. Labaratoriyalar təkmilləşdirilib. Yeganə çatışmazlıq laboratoriyaların İSTA standartlarına uyğun olmasıdır. Layihə çərçivəsində torpaq xəritələrinin, məlumat bazalarının yaradılması da nəzərdə tutulub. Eyni zamanda, milli torpaq məlumat sisteminin yaradılması da nəzərdə tutulur. FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının müddətinin uzadılması ilə bağlı Prezident İlham Əliyevin qərarı var".