"Ukrayna artıq taxıl ixracı ilə bağlı alternativ marşrutları nəzərdən keçirməyə başlayıb".
Bunu “Report”un Şərqi Avropa bürosuna ukraynalı ekspert Dmitriy Qromakov bildirib.
“Bu il iyulun 22-də Ukrayna, BMT və Türkiyə, həmçinin Rusiya, BMT və Türkiyə arasında taxıl ixracı ilə bağlı dəhlizlərin formalaşdırılması və işə düşməsi ilə bağlı saziş imzalanıb. Söhbət Qara dəniz sahilində yerləşən Ukrayna limalari vasitəsilə taxıl ixracından gedir. Lakin sazişin imzalanmasından bir gün sonra Rusiya əldə olunan razılaşmalara zidd olaraq Odessa dəniz limanına raket zərbələri endirib. Buna görə də Ukrayna artıq alternativ marşrutları nəzərdən keçirməyə başlayıb. Buraya ilk növbədə Moldova, Macarıstan, Polşadan keçən və daha sonra Qərb ölkələri istiqamətində uzanan quru marşrutlar daxildir. Ukrayna faktiki olaraq öz limanlarında taxılın yüklənməsini müvəqqəti dayandırıb. Bundan başqa, Rusiyanın bu hərəkətləri sazişə zəmanət verən tərəfləri - BMT-ni, onun rəhbərini, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı çətin vəziyyətə salıb”, - Qromakov bildirib.
Ekspert hesab edir ki, bu hərəkətinə cavab olaraq Rusiyaya qarşı sanksiya təzyiqi güclənəcək, əldə edilən razılaşmalar məsələsində etibarlı tərəfdaş kimi qəbul edilməyəcək:
“Əlbəttə ki, tərəflər arasında taxıl ixracı ilə bağlı imzalanmış saziş hələ qüvvədədir. Bu sazişin dayandırılması ilə bağlı ukraynalı rəsmilər heç bir bəyanat verməyib. Odur ki, fikrimcə, Ukraynanın blokadaya alınmış dəniz limanlarından taxılın tədricən nəqlinə start veriləcək”.
Ukraynalı ekspert vurğulayıb ki, hazırda Rusiya öz təsirini artırmağa çalışır:
“Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmiləri birbaşa yoxlamaq və bu dəhlizlərə nəzarət etmək niyyətini nümunə göstərmək olar. Bununla o, razılaşan tərəf kimi deyil, sazişin nəzarətçisi rolunu öz üzərinə götürməyə çalışır. Rusiya bu məsələdə özünü münaqişə tərəfi, bu razılaşmanı imzalayan tərəf kimi göstərməyərək prosesə təsir göstərmək istəyir”.