Özəl və dövlət sektorunun düzgün dəstəyi ilə Gürcüstan və Azərbaycanda çay sənayesində canlanma müşahidə edilə bilər. Bu ölkələrin çay istehsalçıları daima dinamik olan beynəlxalq çay bazarlarına çıxış əldə edərək xüsusi, yaşıl və orqanik çay növlərini istehlakçılara təqdim etməklə öz yerlərini tuta bilərlər.
"Report" xəbər verir ki, bu kimi məsələlər bu gün baş tutmuş BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının İnvestisiya Mərkəzinin Beynəlxalq Çay Gününə həsr olunmuş onlayn tədbirində qeyd olunub.
Bildirilib ki, bu ölkələrin çay istehsalına dair on doqquzuncu əsrə dayanan dərin bir tarixçəsi mövcuddur: "Bu ölkələr 1980-ci illərədək Sovet İttifaqında çay istehsalının böyük bir hissəsini təmin edirdilər. Hazırda gürcü və azərbaycanlı istehlakçılar daha ucuz və keyfiyyətli idxal məhsullarına üstünlük verdikləri üçün hər iki ölkənin istehsal gücü 1980-ci illərdə olan istehsalın 2 faizini belə təşkil etmir.
Son illərdə hər iki ölkə çay sektorunu canlandırmaq, çayın becərilməsi üçün əlverişli şərait yaratmaq və təbii çay ehtiyatını artırmaq üçün addımlar atmaqda davam edir".
“Çay kolları bir əsr və daha çox müddət boyunca yaşayır və xüsusi qayğı ilə təkrar istehsala qaytarıla bilər, məhz hal-hazırda Gürcüstan və Azərbaycanda tətbiq olunduğu kimi”, - deyə çay üzrə mütəxəssis Con Snell bildirdi.
“Hər iki ölkədə yeni çay plantasiyaları qurularaq əsrarəngiz çay yarpaqları istehsal edilməyə başlandı və bütün bunlar bizi 1900-cu ildə baş tutan Paris Ekspo sərgisinə Lao Jin Jao adlı gürcü çayının qızıl medal qazandığı bir zamana geri apardı“, - o əlavə etdi.
Con Snell tədbir boyu onlayn dequstasiyaya rəhbərlik edərək bir çay fincanında nələrə diqqət etdiyini izah edib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə əməkdaşlıq edərək, potensial investorları mövcud imkanlar və risklər barədə məlumatlandırmaq üçün Gürcüstan və Azərbaycanda mövcud olan çay sektoru barədə tədqiqat aparıb.
Tədqiqat istehlak, istehsal və ticarət istiqamətləri də daxil olmaqla bu sektora dair hərtərəfli məlumat verir. Bundan əlavə təqdiqatda iqlim dəyişikliyini nəzərə alınaraq bu sahənin qaydaları və ekoloji dayanıqlılığı araşdırılır, həmçinin, çay yetişdirmə və istehsal prosesində potensial gəlir və imkanları da müəyyənləşdirilir.
Tezliklə yekunlaşacaq tədqiqatda, hər iki ölkə üzrə çay sənayesini inkişaf etdirmək, o cümlədən təsərrüfat sahələrində və fabriklərdə fəaliyyətlərin təkmilləşdirilərək çayın keyfiyyətini yüksəltmək üçün bir sıra tövsiyyələr yer alıb.
Snellə görə, hər iki ölkədə çay toxumlarının ehtiyatı yetərincədir və bununla ölkələr kifayət qədər keyfiyyətli çay istehsal edə bilər: "Altı aylıq yetişmə müddəti boyunca, çay yarpaqları dolğunlaşmağa doğru gedir və Hindistanda Darjeeling əyalətinə xas olan məşhur birinci və ikinci çay yarpaqlarına oxşayan məhsul ilə təmin edir. Çay məhsullarının uzun müddət aşağı rütubətli yerdə saxlanılması, zərərvericilərin qarşısını alır və beləliklə çay becərənlərə pestisidlərdən narahat olmamağa və daha asan təbii çay istehsal etməyə şərait yaradır. Zəngin və bənzərsiz irsi və daima inkişaf edən coğrafi təcrübəsi olan Gürcüstan xüsusilə ixrac bazarı üçün təbii və müxtəlif növ çay növləri üzərində çalışa bilər. 2008-ci ildən çay istehlakının 50 faiz artması azərbaycanlıların çay içməyi sevən bir millət olduğunu təsdiq edir. İctimaiyyətə Azərbaycan çayının xüsusiliyinə dair məlumat vermək daxili tələbatın ödənilməsinə kömək edə bilər".
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının investisiyalar üzrə direktoru Mohamed Manssouri bildirib ki, araşdırmalara əsasən dayanıqlı və inklüziv inkişaf üçün kənd təsərrüfatı sahəsinə düzgün sərmayələr qoyulmalıdır: “Çayın keyfiyyətinin yüksəldilməsi eyni zamanda istehsal xərclərinin azaldılması Gürcü və Azərbaycan çaylarının yerli və xarici bazarlarda rəqabətliliyinin artmasına səbəb ola bilər. Bunlar kiçik çay təsərrüfatı və müəssisələrinə daha çox gəlirli bazarlara çıxmaq imkanı yaradacaq”.
Avropa Yenidənqurma və İnkişaf Bankında Aqrobiznes bölməsinin direktoru Natalya Jukova hər iki ölkənin - Azərbaycan və Gürcüstanın - Avropa Birliyi və keçmiş Sovet İttifaqı ölkələri kimi böyük çay bazarlarına çıxışının üstünlüyünü qeyd edib.
"Beynəlxalq çay bazarları uzun və ya ağ çay yarpağı kimi fərqli keyfiyyətli çay məhsullarına maraq nümayiş etdirməklə inkişaf etməyə davam edir. Keyfiyyət və səmərəliliyi artırmaqla bütün təchizat zəncirini şaxələndirərək Gürcüstan və Azərbaycan çay məhsullarını dünyaya təqdim edə bilər və biz bunun inkişafı üçün dəstək göstərməyə hazırıq”, - Natalya Jukova bildirib.