Dünya Bankı iqlim dəyişikliyinin Azərbaycana təsirinin hansı ssenarilərinin ola biləcəyini araşdırır

Dünya Bankı iqlim dəyişikliyinin Azərbaycana təsirinin hansı ssenarilərinin ola biləcəyini araşdırır Dünya Bankının Avropa və Mərkəzi Asiyada kənd təsərrüfatı və qida üzrə praktika meneceri Frauke Yunqblut (Frauke Jungbluth) "Report" İnformasiya Agentliyinə müsahibə verib. Müsahibə zamanı xanım Yunqblut qlobal iqlim dəyişikliyi, onun Azərbaycanın kənd tə
ASK
16 İyun , 2023 11:23
Dünya Bankı iqlim dəyişikliyinin Azərbaycana təsirinin hansı ssenarilərinin ola biləcəyini araşdırır
Frauke Yunqblut

Dünya Bankının Avropa və Mərkəzi Asiyada kənd təsərrüfatı və qida üzrə praktika meneceri Frauke Yunqblut (Frauke Jungbluth) "Report" İnformasiya Agentliyinə müsahibə verib. Müsahibə zamanı xanım Yunqblut qlobal iqlim dəyişikliyi, onun Azərbaycanın kənd təsərrüfatı və qida sektoruna təsiri, təmsil etdiyi təşkilatın bu məsələlərlə bağlı layihələrin həyata keçirilməsi və planları haqqında danışıb.

Həmin müsahibəni təqdim edirik:

- Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatında mühüm rol oynayır. Dünya Bankı bu sektorun inkişafı üçün hansı töhfələr verib və verməkdədir?

- Kənd təsərrüfatı Azərbaycan üçün çox vacib sahədir və o, iqtisadi inkişaf və qeyri-neft sektorunun şaxələndirilməsinə böyük töhfə verir. Bu, həm də iş yerlərinin yaradılması üçün vacibdir və hansı ki, onun əhəmiyyəti “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də vurğulanır. Biz Dünya Bankı olaraq, Azərbaycanda fəaliyyətə başlayandan bəri əsasən kənd təsərrüfatı sektorunda çalışırıq.

Belə ki, 90-cı illərin ortalarından kənd təsərrüfatı ilə bağlı olan ilk layihə torpaq islahatı layihəsi idi. Sonralar dəstəyimizlə sektorun kommersiyalaşdırılmasını, məsləhət xidmətlərini, kreditləşmənin genişləndirilməsini, kənd təsərrüfatı elmi-tədqiqat institutlarının modernləşdirilməsini dəstəkləyən bir sıra layihələr həyata keçirilib. Bu tipli ən son layihə Kənd Təsərrüfatının Rəqabət Qabiliyyəti və Təkmilləşdirilməsi Layihəsi idi.

Çox təfərrüatlara varmadan deyim ki, bu layihə kiçik sahibkarların dəyər zəncirlərinə daxil edilməsini, bilik və məlumat xidmətlərinin təmin edilməsini, kənd təsərrüfatı sektorunun ehtiyaclarına uyğun olan kreditlərin və kənd təsərrüfatının maliyyələşdirilməsini dəstəkləyib. Bu layihə həmçinin baytarlıq xidmətlərinə, baytarlıq təhsilinə və özəl baytarların təşviqinə və yaxud kənd yerlərində özəl baytarların potensialının artırılmasına da dəstək verib. Bu, kənd təsərrüfatı sektorunun məhsuldarlığının və nəticələrinin yaxşılaşdırılmasına kömək etmək üçün vacib idi. Bizim suvarma layihələrimiz də olub. Onlar 150 min hektar torpaq sahəsinə xidmət edən suvarma şəbəkələrinin müasirləşdirilməsinə və bərpasına dəstək verib və əhalinin gəlirlərinin artmasına mühüm təsir göstərib.

Əlavə olaraq, bizim 2 000 kənd icmasını əsas infrastruktur xidmətləri üçün dəstəkləyən kənd investisiya layihəmiz də var idi. Beləliklə, biz irəliyə baxdıqda Azərbaycanda iqtisadi artımın stimullaşdırılmasında kənd təsərrüfatı sektorunun mühüm rolunu görürük. Və biz inkişaf məqsədlərinə, sektorun modernləşdirilməsinə və yaşıllaşdırılma məqsədlərinə çatmaqda hökuməti dəstəkləməyə hazırıq.

- Azərbaycan da daxil olmaqla bir çox ölkələr ərzaq qiymətlərini nəzarətdə saxlamağa çalışır. Lakin buna baxmayaraq qlobal qiymətlər hələ də yüksək olaraq qalır. Buna səbəb olan amillər hansılardır? Hesab edirəm ki, keçən il ərzaq qiymətlərinin təxminən 60 % bahalaşması barədə məlumatlar var idi. Ölkələr bunun qarşısını necə ala bilər?

- Bu, çox mürəkkəb sualdır, lakin ümumilikdə qlobal perspektivdən irəli gəlir. Gördüyümüz böhran bir neçə il əvvəl başlayıb. Ərzaq qiymətləri təxminən 2016-cı ildən bəri yüksəlir. Son böhran və COVID-19 pandemiyası bu böhranı daha da mürəkkəbləşdirib. Nəticədə bahalaşma bir çox ölkələrdə ifrat yoxsulluğun artmasına, qeyri-kafi qidalanmaya və son onilliklər ərzində əldə edilmiş bəzi nailiyyətlərin itirilməsinə səbəb olub.

Biz inkişaf prosesində əks tendensiyanı da görürük.

Bir çox tədarük zəncirlərində fasilələr yaranıb, COVID-19 pandemiyası iqtisadi tənəzzülə və bütün bunlar ərzaq qiymətlərinin artmasına səbəb olub. Ərzaq qiymətlərinin artması yoxsul ev təsərrüfatları üçün xüsusilə qorxuludur, çünki yoxsul ailələrin gəlirlərinin təxminən üçdə ikisi ərzağa gedir. Beləliklə, əgər ərzaq qiymətləri daha yüksəkdirsə, bu, digərlərinə vurduğundan daha çox həmin qrupa zərbə vurur. Və biz onu da görürük ki, qiymətlər son vaxtlar yenidən aşağı düşsə də, əvvəlkindən xeyli yüksəkdir. Bu, təkcə əmtəə qiymətlərinə deyil, həm də gübrə kimi idxal mallarına da aiddir. Keçən il gübrə qiymətləri pik həddə çatıb, yenidən aşağı düşdü. Lakin bu, hələ iki il əvvəl olduğundan təxminən iki dəfə bahadır. Biz bu məsələnin davamlı ola biləcəyini görürük və bu problemin sadəcə yüksək ərzaq qiymətlərindən ərzaq çatışmazlığı böhranına keçməsi potensial riski var.

Bundan əlavə, bəzi əsas məhsullarla bağlı ölkələrin ərzaq ehtiyatları çox aşağı səviyyədədir və bu, 2023-cü ildə bəzi ölkələrin gözləntiləri ilə üst-üstə düşür. Belə ki, hava proqnozları bu ölkələrin əvvəlki illərdən daha az məhsul istehsal edəcəyini göstərir.

Yuxarıdakıları nəzərə alaraq deyə bilərəm ki, böhran hələ bitməyəcək. Bütün bunların altında yatan amillər nədir?

Cavab tədbirləri sırasında təşviqlərin effektiv hala gətirilməsi, məhsuldarlığı artırmaq üçün daha üstün siyasətlərin həyata keçirilməsi, sektorun mümkün qədər çox istehsal prosesinə uyğunlaşdırılması və iqlim böhranına və ya baş verə biləcək başqa böhranlara hazır olması ola bilər.

Hazırda və keçən il gördüyümüz odur ki, böhran başlayan kimi bəzi ölkələr müvəqqəti ticarət məhdudiyyətləri tətbiq etməyə başladılar və bu da sektorun uzunmüddətli inkişafına təsir göstərir.

Əgər siz sərhədinizin yaxud ixrac etmək istədiyiniz ölkənin sərhədinin məhsulunuz üçün bağlanması səbəbindən məhsulunuzu bazara çıxara biləcəyinizə əmin deyilsinizsə, mütləq şəkildə investisiya yatırmayacaqsınız. Deməli, bütün bunlar qiymət artımına təsir edir.

Dediyim kimi, gübrələr və digər ölkəyə gətirilən məhsulların qiymətləri də artıb. Bəlkə də bu istehsalın azalmasına gətirib çıxarır. Çünki bəzi fermerlər hesab edə bilərlər ki, daha onlar istehsal etmək iqtisadi cəhətdən sərfəli deyil.

Dəstək lazım olduğunu hiss etdiyimiz digər element innovasiyaların sürətləndirilməsi ilə bağlıdır.

Kənd təsərrüfatı tədqiqatlarına və məsləhət xidmətlərinə innovasiya sərmayələri öz bəhrəsini göstərib, lakin bu təsir ya çox deyil, ya da bunu kifayət qədər çox ölkə etməyib. Beləliklə, dövlət investisiyaları həqiqətən də vəziyyəti dəyişdirə bilər.

Digər element fermerlərin nə istehsal etdikləri və ya investisiya yatırdıqları məsələsində qərar vermələri üçün lazım olan innovativ yeniliklər, bazarların fəaliyyəti üçün tələb olunan bilgilərin artırılmasıdır.

Sonuncu məqam da ondan ibarətdir ki, dövlət sektoru bunu təkbaşına edə bilməz. Bu cür fəaliyyətlərin dəstəklənməsində özəl sektorun mühüm rolu var.

- Dünya Bankının Azərbaycanla bağlı son araşdırmaların birində qeyd olunurdu ki, ölkənin əksər təsərrüfat sahələrinə düşən torpaq sahəsinin həcmi 5 hektardan azdır. Bu isə sektorun inkişafına və dolayısı ilə qida təhlükəsizliyinə mənfi təsir edir. Bununla bağlı tövsiyələriniz nədən ibarətdir?

- Dünya Bankının texnologiya və məhsuldarlığa, sektorun böyüməsinə və nəyə ehtiyac olduğuna dair bir sıra məsələlərə toxunan “Harvesting Prosperity” adlı son hesabatı var.

Digər məsələlərlə yanaşı, torpağın ölçüsü, torpağın məhsuldarlığı və əmək məhsuldarlığı ilə məsələlər də burada yer alıb.

Nəticə budur ki, əslində optimal torpaq ölçüsü yoxdur və siz kiçik və ya böyük fermersinizsə, səmərəli ola bilərsiniz. Fermerlər məhsuldarlığını artıra bilərlər. Burada açıq və şəffaf torpaq bazarları öz rolunu oynayır.

Çünki əgər fermer uğur qazanırsa, ölçü baxımından səmərəlidirsə, lakin biznesinin böyüməsinin iqtisadi məna kəsb etdiyinə qərar verirsə, o zaman həmin təsərrüfatını genişləndirmək və təbii şəkildə inkişaf etdirmək imkanı verən torpaq bazarı olmalıdır.

Həm də fermerin nə istehsal etməsindən də çox şey asılıdır. Şübhəsiz ki, bəzi məhsulların istehsalı üçün ərazinin böyüklüyü əhəmiyyət kəsb edir, amma bunun önəm daşımadığı sahələr də var.

Həmçinin bir məsələni də nəzərə almaq lazımdır ki, kənd təsərrüfatında daha böyük ərazinin olması daha çox işçini işə dəvət etmək anlamına gəlmir.

Azərbaycanın timsalında bütün torpaqların inklüziv dəyər zəncirlərinə daha yaxşı inteqrasiyası vacibdir. Çünki bəzən torpaqların ölçüsünün böyüklüyü yüksək keyfiyyətli məhsulun olmasına təsir etmir.

- Qlobal iqlim dəyişikliyi regiondakı digər ölkələr kimi Azərbaycanın da kənd təsərrüfatı sektoruna təsir edir. Bu problemin öhdəsindən necə gəlmək olar?

- Həqiqətən də, iqlim dəyişikliyi artıq Azərbaycana təsir edir. Azərbaycanın bu təsiri gördüyü sahələrdən biri də sudur. Qlobal baxımdan gördüyümüz iqlim dəyişikliyi təbii səbəblər və insanlara təsirinin genişlənməsi ilə bağlıdır.

Vacib sual odur ki, hazırda həyata keçirilən siyasətlər və onların dəyişən mühitə təsiri nə dərəcədədir. Bu, kənd təsərrüfatı siyasətinə yenidən baxılmasını zəruri edir. Dünya dəyişir, ixrac etdiyiniz bazarlar da dəyişir. Buna görə də biz çalışdığımız ölkələrə daha "yaşıl", iqlimə daha davamlı inkişafı təşviq etməyi tövsiyə edirik.

Həm qlobal miqyasda, həm də Avropa və Mərkəzi Asiya regionunda biz dörd sütuna diqqət yetiririk. Bunlara istehsalın və istehsalçıların dəstəklənməsi, artan ərzaq ticarətinin asanlaşdırılması, həssas təbəqələrin dəstəklənməsi və dayanıqlı ərzaq və qida təhlükəsizliyinə sərmayə qoyuluşu daxildir.

Konkret olaraq Azərbaycan misalında iqlim dəyişikliyinin təsirlərinin bir çox aspektləri var, o cümlədən temperaturun yüksəlməsi, su çatışmazlığı, torpağın deqradasiyası da bu siyahıya daxildir. Ona görə də sektor bu təsirlərə hazırlaşmalıdır.

Bütün bunlar üçün istifadə etdiyimiz daha geniş terminlərdən biri iqlimə həssas "ağıllı kənd təsərrüfatı" adlanır. İqlimə həssas "ağıllı kənd təsərrüfatı" quraqlıq və ya su çatışmazlığı kimi müxtəlif fəlakətlərə daha yaxşı hazır olur.

Bu, bəzən müxtəlif növlərə ehtiyacınız ola biləcəyini və ya fərqli bir məhsul yetişdirmək üçün lazım ola biləcəyini bildirir. Yaxud da suvarma suyumuzdan necə istifadə etdiyimizə baxmaq lazımdır? Suvarma zamanı suya necə qənaət edə bilərik? Və əsasən də bilmək lazımdır ki, fermerlər bu iqlimə uyğun "ağıllı kənd təsərrüfatı" təcrübələrindən necə daha yaxşı məlumatlandırıla bilərlər?

Dünya Bankı bu daha geniş sektor elementlərinin bəzilərini təhlil edən “İqlim Dəyişikliklərinin İnkişafı Hesabatı” (Climate Change Development Report) adlanan hesabat hazırlayır. O, Azərbaycana iqlim təsirinin hansı ssenarilərinin ola biləcəyini və bunun ölkənin müxtəlif sektorları üçün nə demək olduğunu modelləşdirməyə çalışır. Yəni təkcə kənd təsərrüfatı və ya su deyil.

İrəlidəki investisiya siyasətinizin nə olacağını başa düşmək üçün daha əhatəli şəkildə araşdırmaq çox vacibdir. Həmçinin, yekunlaşmaq üzrə olan başqa bir hesabatımız da var ki, bu da Azərbaycanda iqlim baxımından "ağıllı kənd təsərrüfatı" təcrübələrinin nəzərdən keçirilməsinin faydalı olacağıdır.

Son xəbərlər

Orphus sistemi